Məhkəmə qərarları › İş №3(011)-3150/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3150/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3150/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı ilə Azərbasycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Səhiyyə Nazirliyinin X4 ünvanına göndərilmiş qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "Afrodita studio" adlı gözəllik obyektdə obyb tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyəti (kosmetoloji) göstərməsi faktı aşkar edilmişdir. Nəticədə o - X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı qanunsuz və əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə görə: lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası 2016-cı ilin 15 mart tarixli Qanununa əsasən: 1.0.8. lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. 1.0.11. icazə müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. "Özəl tibbi fəaliyyət haqqında" Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli Qanununa əsasən: özəl tibbi fəaliyyət qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibb fəaliyyətinin subyektləri tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; "Özəl tibbi fəaliyyət haqqında" Azərbaycan Respublikası xx.xx.1999-cu il tarixli Qanununa əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır: tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə fəaliyyət göstərmək; peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi (kontraktı) əsasında işçilər cəlb etmək. O Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirmiş, həmçinin masaj xidmətləri göstərməsi üçün əlavə təhsil almaqla diplom almışdır. Habelə "Hicama və Hirudoterapiya" kurslarını bitirərək müvafiq sertifikat almışdır. İxtisas üzrə işə düzəlmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Afrodita studio" gözəllik salona müraciət etmişdir. Razılaşmaya görə aralarında müqavilə bağlamadan sınaq müddəti müəyyən edilməklə işə başlamışdır. Orada "Masaj" və "Hicama və Hirudoterapiya" xidmətlərinin göstərilməsi ilə bağlı məşğul olmuşdur. Həmin xidmətlərinin göstərilməsi üçün lisenziya tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 saylı Əlavəyə görə : Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısında "Masaj", "Hicama və Hirudoterapiya" nəzərdə tutulmamışdır. Həmçinin qeyd edir ki, vəzifəli şəxs deyil və vergi ödəyicisi kimi də vergi orqanında heç vaxt qeydiyyatda olmamışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dölət Vergi Xidməti Bakı şəhəri X11 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisi kimi vergi uçotunda olmağı barədə məlumat aşkar edilməmişdir. Onu da qeyd edir ki, ondan şikayət edən şəxs onun keçmiş baldızı X2r. Onun şikayət etməsinin səbəbi də aralarında olan məhkəmə mübahisəsində uduzması olmuşdur. Səhiyyə Nazirliyinin əməkdaşları işlədiyi yerə gələn zaman heç bir iş görmürdü, ondan izahat almadan bir başa protokol tərtib edərək getmişlər, bildirmişlər ki, “Siz izahat alınması və araşdırma aparılması üçün Səhiyyə Nazirliyinə çağırılacaqsınız”. Lakin çağırılmadan ona qərar göndərilmişdir. Həmin qərarının surəti ona 17 iyul 2024-cü il tarixdə ərazi üzrə poçtdan qəbzə imza etdirməklə təqdim olunmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 vəkili X3 şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs vəzifəli şəxs deyil adına VÖİN yoxdur, vergi uçotunda durmamışdır. Protokolda adı qeyd edilən şəxs eyni ada, soyada və ata adına malik lakin xx.xx.1983-cü il təvəllüdlü digər şəxsdir. Şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X13 tərəfindən qəbul edilmiş 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 05 iyul 2024-cü il tarixdə 15:15-də Bakı şəh., Nizami ray., Elşən Süleymanov 49 ünvanında fərdi sahibkar X4 lisenziya olmadan “kosmetoloji” tibbi (özəl) fəaliyyət ilə məşğul olması faktı plandankənar yoxlama zamanı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin 22 iyul 2024-cü il tarixli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilmişdir ki, X4 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin 19 iyul 2024-cü il tarixli arayışından görünür ki, X4 (FİN 0UCNQSU) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. EMİS-dən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN xx.xx.1983-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş X6 məxsusdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə hesab edir ki, sübut kimi təqdim edilmiş foto-şəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarda qeyd olunmuş ********** saylı VÖEN xx.xx.1977-ci il təvəllüdlü X6 (FİN 0UCNQSU) məxsus deyil. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin 22 iyul 2024-cü il tarixli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən X4 (FİN 0UCNQSU) vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən X7 tərəfindən inzibati xətanın mövcudluğu olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X7 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar