Məhkəmə qərarları › İş №3(011)-3151/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3151/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3151/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1999-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 07 avqust 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2023-cü il tarixdə saat təxminən 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Xətai rayonu, 8 Noyabr prospektində hərəkətdə olan zaman yolun sağ kənarında olan beton maneəyə çırpılmış və nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, “Opel Astra” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə edir və həmin avtomaşınla "Uber" taksi şirkətinə qoşularaq taksi faəliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində sifariş əsasında 5 nömrəli xəstəxananın yaxınlığından xanım müştərini götürüb Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ dairəsi istiqamətinə yolun sağdan 3cü zolağı ilə saatda 60-70 km sürətlə hərəkətdə olan zaman yuxuladığından idarəetməni itirib yol kənarında olan maneəyə çırpılmışdır. Hadisə zamanı yol kənarında olan beton dirək zədələnmiş və avtomaşının arxa sağ oturacağında oturan xanım müştəri alın nahiyyəsindən xəsarət aldığından yoldan keçən avtomaşınla onu xəstəxanaya yola salmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərəçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 24 iyul 2023-cü il tarixli 819 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs başın alın-təpə nahiyyəsinin əzilmiş yarası və boyun bağ aparatının gərilməsi müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/23088 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadənin 07 avqust 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai RPİ-nin TŞ-də verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:30 radələrində o, iş yerinə taksi sifariş etmişdir. Həmin taksi “Opel” markalı avtomobil idi. Bundan sonra 8 Noyabr prospekti, Zığ istiqamətinə doğru hərəkət etmişlər, o, arxada sağ tərəfdə oturmuşdurm, maşının sürəti də yüksək deyildi. Yolun üzərindəki YDM-ni keçdikdən sonra maşın qəfil sürüşmüş və yolun kənarındakı hasara çırpılmışdır. O, həmin vaxt xəsarət alıb Neyrocərrahiyyə xəstəxanasına müraciət etmişdir. Onun sürücüdən şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar