Məhkəmə qərarları › İş №3(011)-3152/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3152/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3152/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 03 avqust 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 iyul 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Şəxs icarəyə götürdüyü və idarə etdiyi “BMW” markalı **-DP-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, Babək prospektindən M.Rüstəmov küçəsinə dönərək S.Ə.Şirvani küçəsi istiqamətində yolun sol hissəsi ilə əks istiqamətdə saatda 40- 50 km surətlə hərəkətdə olarkən M.Rüstəmov küçəsində 2 saylı binanın həyətindən çıxan və sol istiqamətdə dönmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi “Skoda” markalı **-LJ- *** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs və sərnişin X2 xəsarət almışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 18 iyul 2023-cü il tarixli 804 saylı ekspert rəyinin surətindən görünür ki, X1 budun və diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, sıyrığı, bağların gərilməsi, hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/17665 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 4.5-ci bəndinə əsasən İXM-nin 327.8-ci mаddəsinin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilmişdir; (17 iyul 2023-cü il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs hazırki inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsindən əvvəl törətdiyindən, həmin vaxt qüvvədə olan norma şəxsin vəziyyətini yaxşılaşdırdığından, xx.xx.2023-cü il tarixədək qüvvədə olan İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar