Məhkəmə qərarları › İş №3(011)-3156/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3156/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3156/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 etibarnamə üzrə nümayəndəsi X2, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 Azərbaycan Respublikası İXM-in 538.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X9 xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. Bununla bağlı «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X6 tərəfindən 01 avqust 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X9 xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. buna görə barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yoxlama keçirilməsi barədə əvvəlcədən xəbərdarlıq edilməmişdir. Xəstəxanaların hamısında bu vəziyyət var. Xəstəxanada olan aparatlarla yüzlərlə qazi müalicə olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli aktdan görünür ki, «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X9 ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti yoxlanılmış və aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması, 61 ölçmə vasitələrindən heç birinin yoxlamadan keçirilməməsi; 2. ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanması (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsi; 3. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılması. «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X9 yoxlamadan keçirilmədən istifadə olunan ölçmə vasitələrinin siyahısından görünür ki, kardiomonitor, süni tənəffüs aparatı, narkoz aparatı və s. ümumi 61 ölçmə vasitələrindən heç biri yoxlamadan keçirilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Məhkəmə iclasında «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 etibarnamə üzrə nümayəndəsi X4 dolayısı ilə xətanın mövcud olmasını etiraf etmiş və digər xəstəxanalardada eyni xətanın olmasını bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X9 ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmış və ölçmələr attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilmişdir. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər. Həmin Qanunun 20-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: «Respublika Neyrocərrahiyyə Xəstəxanası» X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar