Məhkəmə qərarları › İş №3(011)-3156/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3156/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3156/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21465854 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək 31 may 2024-cü il tarixli EQ 21465854 nömrəli elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni olaraq idarə etsə də yanlışlıqla BYPİ nəzarət kamerası vasitəsilə sürücülük vəsiqəsi olmadan idarə edilməsinə görə inzibati xəta qeydə alınmışdır. Öncə 100 AZN, sonra təkrar 300 AZN və yenə 300 AZN, ümumilikdə 700 AZN məbləğində cərimə edilmişdir. Həmçinin cərimə qüvvədə olduğu müddətdə texniki baxışdan keçməsi də mümkün olmamışdır. Texniki baxışdan keçməməsi səbəbindən yenidən hər biri 50 AZN olmaqla təkrarlanan cərimə yazılmışdır. DİN məlumat bazasında 3-13-16/1-Q- 1589xx/xx/2023 nömrəsi ilə qeydə alınmış müvafiq ərizəsi ilə müəyyən müddətdən sonra 700 AZN cərimə silinsə də texniki baxışdan keçmədiyinə görə cərimələri ləğv edilməmişdir. Göstərilənləri nəzərə alaraq 31 may 2024-cü il tarixli EQ 21465854 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21465854 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “X5” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. “X5” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 30-cu maddəsinin Vİ bəndinə əsasən Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Vİİİ bəndinə əsasən bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında X1 şikayətində göstərdiyi xüsusat, onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən (səbəbindən aslı olmayaraq) istismar etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X4 nəqliyyat vasitəsini “X5” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və barəsində qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21465854 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21465854 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar