Məhkəmə qərarları › İş №3(011)-3163/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3163/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3163/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Tural Rəhimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2 iştirakları ilə xx.xx.1969-cu il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 29 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1769/2022 saylı, 10 avqust 2023-cü il tarixli icra sənədi üzrə tələbkara ödənilməli olan ½ hissəni, yəni 1604098.50 manat pulu ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, icra sənədi üzrə icraata 05 iyun 2024-cü il tarixdə başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Lakin o, icra vərəqəsini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, icra ilə bağlı xəbərdarlıq ona 04 iyul 2024-cü il tarixdə təqdim edilmişdir. Bu müddətdə müəyyən ödənişlər etmişdir. İcra məmuruna və tələbkarın vəkilinə evin və avtomobilin özünə düşən payını da verməyə hazır olduğunu bildirmişdir. Qalan əşyaları isə yerində baxıldıqdan sonra razılaşmaqla verilməsinə hazırdır və heç bir etiraz etmir. Bu günə qədər Zərərçəkmiş şəxs hesabına 2373.00 manat məhkəmə xərci, 5000.00 manat əsas borc olmaqla 7373 manat məbləğində ödəniş etmişdir. Bu xüsusatları və yaxın 10 gün ərzində qalan 10000 manat borcu ödəyəcəyinin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs ifadəsində onkoloji xəstə olduğunu, 3 ilə yaxındır ki, Şəxs ona evdə yaşamağa icazə vermədiyini, yaşamağa yeri olmadığını, son bir neçə gündə evə köçdüyünü və yaşamağa başladığını bildirmişdir. Səhhəti ilə bağlı xərcləri olduğunu, Şəxs borcunun az hissəsini ödədiyini bildirmişdir. Məqsədi onun tutulması deyil, icra sənədinin icra olunmasının təmin olunmasıdır. Onun barəsində tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi onun bu günə qədər ödənişlər etdiyini, mənzilin və avtomobilin öz hissəsindən də tələbkarın xeyrinə imtina etməsi faktını, əməlində qərəz olmadığını və bu səbəbdən inzibati xəta tərkibi yaranmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi vəkil X1 Şərif Mustafa oğlunun barəsində tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı, 10 avqust 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Sədərək Ticarət Mərkəzində yerləşən Şirniyyat bazarı 3-cü zona, 4-cü sıra, 2-ci korpus, 46 saylı 50 kv.mdən ibarət olan mağazanın 2022-ci ilin yanvar ayından hal-hazırkı günədək 12 aylıq ümumi 30000 manat olmaqla kirayə haqqının ½ hissəsi olan 15000 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. 3178197.00 manat dəyərində əşyaların hər bir ədədi üzərində ½ hissədə iddiaçı Zərərçəkmiş şəxs, ½ hissədə isə cavabdeh Şəxs pay hüququ müəyyən edilməli və həmin əşyalar mövcud olmadığı təqdirdə tərəflərin payına uyğun olaraq həmin əşyaların dəyəri olan pul vəsaiti Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, 2(011)- 1769/2022 saylı, 10 avqust 2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkar şəxsin izahatını, müdafiəçi və nümayəndənin ifadələrini, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki,icra işi üzrə tam şəkildə icra aparılmadığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs hesabına qismən 7373.00 manat ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs qismən ödənişlər etməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları ,həmçinin tələbkarın borclunun tutulmasının istəməməsi kimi xüsusatlarıda nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar