Məhkəmə qərarları › İş №3(011)-3170/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3170/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3170/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 31 iyul 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 25 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında X3 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, yeddi ildir taksi fəaliyyəti ilə məşğul olmuş və X3 da iki il olar ki, taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Aralarında münasibətləri olmuş, sonra münasibətləri pozulmuşdur. 06.07.2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə bir nəfər müştəri götürmüş və Ağ şəhər deyilən yerə gəlmişdir. Bu zaman Kəmalə onu görüb müştəri tərəfdən maşınına yaxınlaşıb qapını açaraq onu təhqir etmiş, sonra qapını örtmüşdür. Sonra Kəmalə maşının pəncərəsinə sillə vurmuşdur. O, isə sürüb getmişdir. Daha sonra həmin gün saat 16:30 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında idarə etdiyi “Nissan Tida” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomaşını saxlamış və maşından düşərək marketə daxil olmuş, bu zaman pəncərədən Kəmalənin onun maşınına yaxınlaşdığını görüb tez maşının yanına gəlmiş, Kəmalə artıq maşına əyləşmiş, o da gəlib Kəmalənin sol qolundan tutub maşından çıxarmış, bu zaman Kəmalə maşında olan təsbehi və asma “Qurani Kərim” kitabının suvinerini və maşının sol güzgüsünün qoruyucusunu qırmışdır. Kəmaləni maşından çölə çıxardıqdan sonra da yolda bir qədər mübahisə etmiş, Kəmalə onu təhqir etmiş, o, isə sillə ilə Kəmalənin boyun nahiyəsindən vurmuşdur. Bir qədər getdikdən sonra “Bravo” marketin qarşısında yumruqla Kəmalənin çiyin nahiyəsindən vurmuşdur. Kəmalə marketə girmək istədikdə, o, əli ilə Kəmalənin boyun nahiyəsindən içəri girməsin deyə itələmiş, Kəmalə də onu təhqir edərək çıxıb getmişdir. O avtomobilinə əyləşmiş və təxminən 50 metr maşını sürdükdən sonra Kəmaləni yolun kənarında görüb avtomobili saxlayaraq düşüb yaxınlaşmış və polis gəlsin deyə Kəmalənin qolundan tutub saxlamışdır. Kəmal səs-küy saldığı üçün ətrafda adamlar yığışmış və o, Kəmaləni buraxmışdır. Kəmalə ilə aralarında baş vermiş mübahisə təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt onun idarə etdiyi avtomobilində müştəri və ətrafda olan tanımadığı şəxslər hadisəni görmüşlər. Kamalə ilə barışmağa cəhd etmiş, sonuncu ondan borclu olduğu 1800 manat pulunu istəmiş, pulu vermədiyindən barışıq əldə edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Şəxs taksi sürücüsü kimi tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Münasibətləri yarandığı üçün o, Elvinə ümumilikdə 5000 manata yaxın pul vermişdir. Lakin, pulunu geri istədikdə Elvin pulu qaytarmadığı üçün münasibətləri pozulmuş, buna görə də pulunu almaq məqsədi ilə 06.07.2021-ci il tarixdə saat 15:45-də Elvinin yaşadığı Şamaxinka adlanan yerə getmişdir. Bu zaman Elvinin idarə etdiyi avtomobillə evdən çıxdığını görüb taksi maşını ilə Elvinin arxasıyca getmişdir. Saat 16:30 radələrində Elvin idarə etdiyi “Nissan Tida” markalı, **-VX-*** dövlət nömrə nişanlı avtomaşını Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında saxlamış, o da taksidən düşüb pulunu istəmək üçün Elvinin avtomobilinə yaxınlaşmışdır. Maşında başqa şəxs olmuş, Elvin isə düşüb marketə getmişdir. Maşında olan xanıma Elvindən pulunu istədiyini demişdir. Sonra Elvin maşına yaxınlaşmış və onun sol qolundan tutaraq maşından dartıb çıxarmış, sonra yolun hərəkət hissəsində yumruqla onun belindən vurmuşdur. Bir qədər getdikdən sonra yumruqla onun sağ qolundan vurmuşdur. Bravo marketin qarşısında onlar mübahisə etməyə başlamış, Elvin onu təhqir etmiş, daha sonra o, çıxıb getmişdir. Təxminən 10-15 metr getdikdən sonra Elvin maşını qarşıda saxlayaraq düşüb onun üzərinə cummuş, əli ilə boğazından tutub yumruqla sinəsindən vurmuşdur. Özünü pis hiss etdiyi üçün oradan çıxıb getmişdir. Mübahisə 4-5 dəqiqə davam etmişdir. Ətrafda adamlar olsa da o, həmin şəxsləri tanımamışdır. O, Elvinə məxsus avtomobilə hər hansı zərər yetirməmiş, sadəcə maşında əyləşib Elvini gözləmişdir. Elvinin avtomobilinin sol güzgüsünü o, sındırmamışdır. Hətta bir müddət əvvəl Elvin avtomobilin sol güzgüsünü təmir etdirmək üçün də ondan pul istəmişdir. Hal-hazırda Elvindən pullarını tələb etdiyi üçün Elvin də ondan bu cür şər xarakterli şikayət etmişdir. Elvin onu dəfələrlə hədələmişdir. Elvindən şikayətçidir və ona ağır tənbeh verilməsini xahiş edir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında X3 döymüşdür. Faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında X3 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi” X8 canlı şəxsin ekspertizasının 09 iyul 2021-ci il tarixli, 624 nömrəli rəyində qeyd edilmişdir ki, X2 hər iki bazunun sağ çiyin və döş qəfəsi nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 06.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. 25 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 06.07.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində fəaliyyət göstərən “Bravo” marketin qarşısında X3 döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahtı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsgərov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «25» avqust 2021-ci il tarixdən saat 14:00-da protokol tərtib etmək üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «25» avqust 2021-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əsgərov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 avqust 2021-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar