Məhkəmə qərarları › İş №3(011)-3174/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3174/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3174/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2 iştirakı ilə X2 Xətai Rayonu Dövlət X6 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayonu Dövlət X6 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 11 avqust 2021-ci il tarixində hal-hazırda işlədiyi "xxxx" ASC-yə İXM-nin 211.1-ci maddəsinə (Xətai Rayon DYPŞ-nin ******* saylı 30.07.2020-ci il tarixli icra sənədinə) əsasən 200 (iki yüz) manat məbləğində cərimənin onun əmək haqqından tutularaq dövlət büdcəsinə ödənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin 27 iyul 2021-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktuba əlavə olunmuş inzibati tənbeh vermə haqqında Qərarda 30.07.2020-ci il tarixində saat 11.26-da M.Hadi ərazisində epidemiya əleyhinə rejimin tərəfindən pozulduğu iddia edilərək 30.07.2020-ci il tarixli İXP3431373 nömrəli protokolun tərtib olunduğu bildirilmişdir. Qeyd etmişdir ki, pandemiya dövründə yalnız "icaze.e-gov.az” portalında iş icazəsi olduğu tarixlərdə yaşayış yerini tərk edərək işə getmişdir. Həmin tarixlərdən kənar vaxtlarda pandemiya qaydalarına tam əməl edərək yaşayış yerini sadəcə sms icazə əsasında tərk etmişdir. Eyni zamanda X7 əməkdaşı tərəfindən həmin tarixdə ona protokol tərtibi barədə heç bir məlumat verilməmiş, tərtib olunmuş protokolda imzası qeyd olunmamışdır. Bu da onu göstərir ki, Xətai rayon X7 əməkdaşı tərəfindən tərtib olunmuş protokol əsassızdır və hansı şəraitdə tərtib olunduğu naməlumdur. Bununla yanaşı qeyd etmişdir ki, qeydiyyatda olduğu və daimi yaşadığı ünvanda o və ailə üzvlərindən ən az bir nəfərin daimi evdə olduğunu nəzərə alaraq tərtib olunmuş protokolun və İnzibati tənbeh vermə haqqında Qərarın aidiyyəti üzrə ünvana göndərilmədiyi təsdiq olunur. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək Xətai Rayonu Dövlət X6 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai Rayonu Dövlət X6 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayonu Dövlət X6 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayonu Dövlət X6 polis polkovnik-leytenantı Cavanşir Ələkbərov tərəfindən tərtib edilmiş 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 30.07.2020-ci il tarixdə saat 11:26-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai Rayonu Dövlət X6 üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Epidemiya əleyhinə rejimin pozulması göstərilsə də, xətanın konkret nədən ibarət olması qərarda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Protokolun surəti xətanı törədən fiziki şəxsə verilir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, protokolun surəti verilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Xətai Rayonu Dövlət X6 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Xətai Rayonu Dövlət X6 30 iyul 2020-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar