Məhkəmə qərarları › İş №3(011)-3174/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3174/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3174/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin baş direktoru Nümayəndə iştirakları ilə, "xxxx" QSC-nin barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 29 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5043/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri borclu "xxxx" QSC tərəfindən icra edilmədiklərindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu "xxxx" QSC-yə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, "xxxx" QSC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs "xxxx" QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtiib edilmişdir. Beləliklə o, hüquqi şəxs "xxxx" QSC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin baş direktoru Nümayəndə barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşaraq bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5043/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərindən xəbərləri olmuşdur, lakin onun rəhbərlik etdiyi şirkətin maliyyə vəziyyəti pis olduğundan və icra sənədlərində göstərilən məbləğləri ödəməyə maddi imkanları çatmadığından bugünə kimi tərəflərindən heç bir ödəniş edilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2020-ci il tarixli, xx/xx-2020 saylı müqavilə üzrə 475928,97 manat (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) pul vəsaiti, 29750 manat (iyirmi doqquz min yeddi yüz əlli) cərimə, 400 (dörd yüz) manat mediasiya, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 797 (yeddi yüz doxsan yeddi) manat olmaqla, cəmi 507376 manat (beş yüz yeddi min üç yüz yetmiş altı) məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə "xxxx" QSC-nin ünvanına göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, "xxxx" QSC-yə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5043/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 119000 (yüz on doqquz min) manat əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 119400 (yüz on doqquz min dörd yüz) manat məbləğində pulun “Lift Servis” Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral ayından ödənilməmiş əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzi tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə "xxxx" QSC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" QSC məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5043/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2-2(113)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" QSC məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, "xxxx" QSC- icra sənədi üzrə 507376 manat məbləğində pulu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, 119400 manat məbləğində pulun “Lift Servis” Birliyinin, 2021-ci ilin fevral ayından ödənilməmiş əmək haqqının və 2021-ci il üzrə istifadə edilməmiş 30 gün əmək məzuniyyətinin pul əvəzinin iddiaçı X2 xeyrinə ödəməkdən boyun qaçırır, bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. "xxxx" QSC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar