Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3179/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Mercedes Benz 190 minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs saxlanılmış, həmin vaxt sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixində təxminən saat 00:30 radələrində ona məxsus olan “Mercedes Benz 190 minik” markalı **-CN-*** dövlət nişanlı maşını ilə Neapol ərazisində ki, Neapol 23 saylı evin qarşısında maşında oturmuşdur. Üstündən 2-3 dəqiqə sonra DYP-nin maşını qarşısında dayanmışdır. İçərisindən bir polis düşmüş və ona yaxınlaşaraq sürücülük vəsiqəsini təqdim etməyini bildirmişdir. Səbəbini soruşduqda o, bildirmişdir ki, məhləyə arxa-arxaya girmişdir. O, onları görmədiyini, sadəcə gedəcəyi yerdən çox irəli getdiyini başa düşmüş və arxaya-arxaya vermişdir, çünki həyətin qarşısına girməli idi. Polis nəfəri təkrarən ondan şübhələndiyini bildimiş və ondan sənədləri istəmişdir. O da sənədlərini təqdim etmişdir. O, sənədləri götürmüş və demişdir ki, içkiliyə oxşayır maşını bağlayıb onunla getsin. Sonra veteran olması barədə sənədini təqdim etmiş və içkili olmadığını demişdir, əlavə olaraq bildirmişdir ki, bütün günü avtomobili idarə etdiyindən yorğundur və ona görə belə görünür. Həmin vaxtı daha bir DYP maşını onun maşınının arxasında saxlamış və həmin maşından daha 3 polis əməkdaşı düşmüş və onlara yaxınlaşaraq onu zorakılıqla polis maşınına mindirməyə çalışmışlar. O, polis əməkdaşlarından alkotester təqdim etməklərini və spirtli içki qəbul edib-etməməsini yoxlamalarını tələb etmişdir. Həmçinin bilirmişdir ki, biraz sonra dostu gələcək ondan pul gətirməlidir, pulu aldıqdan sonra onlarla gedəcək. Lakin polis əməkdaşları ona dəfələrlə yumruqlarla vuraraq onu tibbi müayinəyə aparmışlar. Tibbi məntəqə olan zaman polis əməkdaşı iki dəfə ayrı həkimlərin yanına girmiş, sonra onu üçüncü həkimin yanına aparmışdır. O isə bu haldan şübhələndiyindən tibbi müayinədən keçməkdən imtina etmiş və vəkil dəvət olunmasını tələb etmişdir. Polis əməkdaşı isə ona test verməkdən imtina edirsə, lap yaxşı çıx demişdir. Bundan sonra barəsində polisə müqavimət göstərməsi ilə bağlı protokol tərib olunmuşdur və o, məhkəmə qərarı ilə cərimələnmişdir. Oradan çıxar-çıxmaz tibbi müayinədən keçmiş və həmin vaxtı ayıq olmuşdur. Beləliklə o, qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X2 ifadəsində bildirmişdir ki, 04 avqust 2022-ci il tarixdə saat 02:00 radələrində xidməti vəzifəsini yerinə yetirərkən “Mercedes Benz 190 minik” markalı **-CN-*** dövlət nişanlı maşının sürücüsünə saxla əmri vermişdir. Lakin sürücü hərəkətinə davam etmiş və yaxınlıqda yerləşən binanın həyətinə geri-geri girməyə çalışmışdır. Sonra o, həmin sürcüyə yaxınlaşmış və sənədlərini təqdim etməsini bildirmişdir. Lakin şəxsiyyəti sonradan məlum olan Şəxs avtomobilin qapısını ilk başda açmamış, sonradan açdıqda isə onu sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar şəkildə özünü birüzə vermişdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ona tibbi məntəqəyə getmələrini təklif etmiş, lakin o, aqressivləşərək spirtli içki qəbul etmədiyini bildirmiş və onlara müqavimət göstərmişdir. Bundan sonra hadisə yerinə yaxınlaşan başqa Yol patrul xidməti əməkdaşlarının köməyi ilə sürücü tərəflərindən sərxoşluq vəziyyətinin yoxlanılması üçün həkimə aparılmışdır. Lakin o, müayinədən keçməkdən imtina etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə o, qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol patrul xidmətinin əməkdaşı X3 ifadəsində X1 göstərdiyi xüsusatlara uyğun izahat verərək, onun qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, ““Mercedes Benz 190 minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2022-ci il tarixli 2/25804 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir; sürücülük vəsiqəsindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır; 343.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli 2/18354 nömrəli sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, o, 04 avqust 2022-ci il tarixdə saat 14:30-da, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, maddənin dispozisiyasından da göründüyü kimi, şəxsin spirtli içki qəbul edib etməməsi deyil, tibbi müayinədən keçməkdən imtina etməsi ilə əlaqədar xəta tərkibi yaranır və əməli sübuta yetirilərsə barəsində cəza tədbirləri tətbiq edilir. Xəta törətməsi ehtimal edilən şəxsin ayıq olması onu məsuliyyətdən azad edən hal kimi qəbul edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3179/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3179/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver