Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3186/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X1 iştirakı ilə, X1 Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iki ilə yaxındır ki, ünvan 1 ünvanda yerləşən “Pluton” şadlıq sarayında adminstrator işləyir. Şadlıq sarayının sahibi X4r. Mahir müəllim işdə olmadığı vaxtlar şadlıq evində işlərə o nəzarət edir. 12 iyul 2021-ci il tarixdə şadlıq evində toy şənliyi keçirilmişdir. Toy məclisinin 150 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilmişdi. Məclisdə 150 nəfər qonaq iştirak etmişdir. Bəzi qonaqlar uşaqları ilə gəldiyi üçün kənarda uşaqlar üçün stol qoymuşdular. Şadlıq evində toy zamanı Xətai rayon Polis Şöbəsinin 34-cü PB-nin əməkdaşları şadlıq evinə gəldilər və toy məclisində çox adam olmasını bildirib barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib etdilər. O vaxta qədər nə polisə düşmüş, nə də barəsində protokol yazılmayıb. Ona görə bunun nəticəsinin nə olacağını bilmədi, nə də protokolu tərtib edən əməkdaş X2 bunu ona izah etmədi. Həm də polislər elə hay-küylə içəri daxil oldular ki, özlərini itirdilər, onların nə yazdıqlarını bilmədi. O yazıb oxumağı da bir o qədər bilmir. Ona görə protokolda nə yazıldığını bilmədi. 20.08.2021-ci il tarixdə polis şöbəsinə gedib barəsində tərtib olunmuş protokolun qərarının surətini aldı və öyrəndi ki, vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə olunmuşdur. Soruşdu ki, bu nə cərimədir, dedilər pandemiya qaydalarını pozduğu üçün vəzifəli şəxs kimi cərimə olunmuşdur. Bildirmişdir ki, nə protokolda qeyd olunan inzibati xətanı törətməmişdir, nə də barəsində inzibati xəta haqqında protokol tərtib olunanda bu barədə kimsə ona xəbərdarlıq etməyib. Polislər gəlib hay-küylə həmin protokolu yazdılar və ona dedilər ki, tez bura qol çək, o da onlar tez getsinlər, qonaqları narahat etməsinlər deyə protokolu imzaladı. Azərbaycan Respublikası İXM 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin Qeyd hissəsində qeyd olunur: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bildirmişdir ki, işlədiyi yerdə sıravi bir işçidir və heç bir vəzifəsi yoxdur. Heç bir vəzifəsi olmadığı üçün polis şöbəsindən ona verilmiş qərarın müvafiq bəndində də vəzifəsi barədə heç bir şey yazılmayıb. Bildirmişdir ki, protokolda qeyd olunan inzibati xətanı törətməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən 12.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, 180 nəfərlik toy məclisinin keçirilməsi faktını təsdiq edən sübutlar protokolda qeyd edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamışdır. Heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokolda xətanı sübut edən faktlar, sübutlar göstərilməmişdir. İş materialında olan Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti və əməlin nədən ibarət olması qərarda göstərilməmişdir. Qərarda fiziki şəxs X3 göstərilsə də vəzifəli şəxs kimi cərimələnmişdir. Şəxsin vəzifəli şəxs statusunda olmasını təsdiq edən sənədə protokolda və qərarda istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 78.2.ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta protokolda və qərarda istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3186/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3186/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver