Məhkəmə qərarları › İş №3(011)-3192/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3192/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3192/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs və qanuni nümayəndəsi X2 iştirakları ilə xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 27 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində X3 icarəyə götürdüyü “Kia Optima” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsində hərəkətdə olan zaman reklam işıq dirəyinə çırpılaraq X1 idarə etdiyi “BMW” markalı **-XK- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, dirəyə və avtomobillərə maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs avtomobili nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan idarə etmiş və hadisə yerindən qaçmışdır. Bakı şəhəri Nizami rayon Dövlət X10 YNH üzrə baş inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 iyul 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, dostu Nahid adlı şəxsdən idarə etmək üçün **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili su almaq adı ilə bir neçə dəqiqəlik götürmüş və idarə etmişdir. Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsində qəflətən səkinin üstünə çıxaraq idarəetməni itirib işıq dirəyinə və sonradan “BMW” minik markalı **-XK-*** nömrəli avtomobilin qabaq hissəsi ilə yüngül toqquşmuşdur. Nəticədə reklam şiti yerindən qopmuş və idarə etdiyi avtomobil zədələnmişdir. Heç bir bədən xəsarəti alan olmamışdır. Qorxduğu üçün valideynlərinə xəbər vermək məqsədi ilə avtomobili hadisə yerində qoyub uzaqlaşmışdır. Sürücülük hüququnun olmadığını bildirmiş və qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə edən zaman dostu yanında olmamışdır. Nəqliyyat vasitəsini dostunun icazəsi ilə idarə etmişdir. Dəymiş zərəri ödəyir. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsini, manevr qaydalarını pozmasını, zərərçəkmiş şəxsə maddi ziyan vurulmasını, yol nəqliyyat hadisəsi yerindən yayınmasını etiraf etmiş, özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, dəymiş zərəri ödədiyini qeyd edərək barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, “Kia Optima” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmək üçün icarəyə götürmüşdür. Şəxs ondan marketdən su almaq üçün avtomobili istəmiş, onun sürücülük vəsiqəsinin olmadığını bilmiş, amma market yaxınlıqda olduğu üçün icazə vermişdir. İş materiallarında olan Nizami rayon Polis İdarəsi X11 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Şəxs adına sürücülük vəsiqəsinin olması barədə Nizami RPİ DYPŞ-nin Mərkəzləşdirilmiş kompüter bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Nizami rayon Polis İdarəsi Dövlət X10 YNH üzrə baş inspektoru Malik Manafov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Kia Optima” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq buferinə, “BMW” minik markalı nəqliyyat vasitəsinin qabaq sağ qanadına, buferin tininə, reklam işıq dirəyinə maddi ziyan dəymişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.6 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Həmin məcəllənin 63-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar