Məhkəmə qərarları › İş №3(011)-321/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-321/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-321/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 və hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə 13 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxsnə məxsus ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarının səs-küy vibrasiya səviyyəsi ətraf mühitə və insan sağlamlığına təsir normaları pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(011)- 3462/2021 nömrəli qərarına əsasən, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şikayət verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(011)-3462/2021 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 3(103)-2776/2021 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibinin olmadığından, xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış evində yaşayan vətəndaşların şikayəti əsasında Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən monitorinq aktı tərtib edilmiş, həmin aktda ünvan 2 ünvanda yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarından çıxan səs-küyün ətraf mühitə təsiri tədqiq edilmiş, səs-küyün səviyyəsinin 62-62,4 DBA təşkil etdiyi müəyyən edilmiş, materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Həmçinin, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən monitorinq gündüz aparılaraq, səs-küyün səviyyəsi də gündüz saatlarına uyğun müəyyən edilmişdir. Bundan sonra, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə göndərilmişdir. Bununla da, MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib edilərkən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları cədvəlinin 16-cı bəndi əsas götürülmüş, “Kontakt Home” mağazasının yerləşdiyi ərazi yaşayış binaları qrupları olmuşdur. Qeyd edilənlərə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 göstərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuş, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş monitorinq aktında və məktubundan görünür ki, səs-küyün səviyyəsi ölçülsə də, vibrasiya ölçülməmiş, bu səbəbdən inzibati xəta hadisəsi baş verməmişdir. Bundan əlavə, “Kontakt Home” mağazası yaşayış binasına bitişik ərazidə yerləşmiş, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normalarına əsasən, gündüz vaxtı yol verilən norma 70 dBA olmuş, ölçmə gündüz aparılmış, 62-62,4 dBA təşkil etdiyindən yolverilən normaların həddini aşmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarına əsasən, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli monitorinq aktında və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli aktında səs-küyün səviyyəsinin gündüz və gecə yoxlanılması, səs-küyün səviyyəsinin gecə və gundüz hansı vaxtlarda hansı “dBA” səviyyəsində olması göstərilməmişdir. Hesab edir ki, səs təzyiqinin səviyyəsi yolverilən normaların həddini aşmadığından və ölçmə gündüz aparıldığından, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bu əsasla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Belə ki, iş materiallarında olan Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli monitorinq aktından görünür ki, vətəndaşın şikayəti əsasında Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarından çıxan səs-küyün ətraf mühitə təsiri tədqiq edilmiş, səs-küyün səviyyəsinin 62-62,4 DBA təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Milli Hidrometeorologiya xidmətinin məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasının kondisionerlərinin yaratdığı səs-küylə bağlı monitorinq keçirilmiş, ölçmə işləri sabit hava şəraitində saat 12:45-13:15 radələrində qeyd olunan ünvanın ərtaf ərazilərində PCE-322 A cihazı vasitəsi ilə aparılmış, nəticələrə əsasən səs-küyün səviyəsinin göstəricisi 62-62.4 DBA (norma 60 DBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu müəyyən edilmişdir. İş materiallarında olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, qeyd olunan hal araşdırılmış, araşdırma zamanı Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorları yaxınlığında səs-küy vibrasiyanın ətraf mühitə təsiri ölçülmüş və yol verilən həddən artıq olduğu müəyyən edilmiş, Şəxs nümayəndəsi dəvət edilərək səs-küyün səviyyəsinin normadan artıq olması izah edilmişdir. Şəxs nümayəndəsi akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 sentyabr 2021-ci il tarixli, MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanda yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarının səs-küy vibrasiya səviyyəsi ətraf mühitə və insan sağlamlığına təsir normalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarından çıxan səs-küyün ətraf mühitə təsiri tədqiq edilmiş, səs-küyün səviyyəsinin 62-62,4 DBA təşkil etdiyi müəyyən edilmiş, ölçmə işlərinin sabit hava şəraitində saat 12:45-13:15 radələrində qeyd olunan ünvanın ərtaf ərazilərində PCE- 322 A cihazı vasitəsi ilə aparıldığı, nəticələrə əsasən səs-küyün səviyəsinin göstəricisi 62- 62.4 DBA (norma 60 DBA) təşkil edərək, ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy birlikdə çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki halda isə vibrasiya ilə bağlı normaların Şəxs MMC tərəfindən pozulmasına dair hər hansı sübut mövcud deyildir. Həmçinin, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları” təsdiq edilmişdir. Həmin Normaların 2.3-cü bəndinə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən Normaları” cədvəlinin 13-cü qrafasında yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı maksimal səviyyə 70 DBA, gecə vaxtı 60 DBA müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, kondisioner və havalandırma sisteminin motorları yaşayış binasına bilavasitə bitişik ərazidə yerləşmiş, cədvələ əsasən yaşayış binasına bilavasitə bitişik ərazidə (13-cü qrafa) gündüz vaxtı maksimal səviyyə 70 DBA olmuş, ölçmə gündüz vaxtı aparılmaqla, 62-62.4 DBA müəyyən edilmişdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarını ləğv edib, yenidən baxılması üçün inzibati xəta haqqında işi göndərərkən, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli monitorinq aktında və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli aktında səs-küyün səviyyəsinin gündüz və gecə yoxlanılması, səs-küyün səviyyəsinin gecə və gündüz hansı vaxtlarda hansı dBA səviyyəsində olması hallarının araşdırılmasını və həmin hallara hüquqi qiymət verilməsini göstərmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarından və məhkəmə iclasında tərəflərin verdiyi izahatdan müəyyən olundu ki, Milli Hidrometeorologiya xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasının kondisioner və havalandırma sisteminin motorlarından çıxan səs-küyün səviyyəsi 62-62,4 (norma 70) DBA təşkil etmiş, ölçmə işləri sabit hava şəraitində saat 12:45-13:15 radələrində aparılmış, səs-küyün səviyyəsinin gecə yoxlanılması halı müəyyən edilməmiş və bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3,8,12,53,76,114-115, 128-130-cu maddəsi ni rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar