Məhkəmə qərarları › İş №3(011)-325/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-325/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-325/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(004)-2458/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(004)-2707/2022 saylı xx.xx.2022-cı il tarixli icra vərəqələrinə əsasən xx.xx.2006cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər qətnamə üçün 117 manat, 160 manat, 193 manat aliment Şəxs tutularaq X2 ödənilməlidir. Ödənilməmiş aliment borcu 4000 manat təşkil edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs qismən ödənişlər etmiş və ödənilməmiş aliment borcu 4000 manat qalmışdır. Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, maddi vəziyyəti çətin olduğundan tam ödəniş edə bilmir. Hazırda son 3 aydır ödəniş olunmur. İcra məmurunun tələblərini yerinə yetirdiyini, qısa müddətdə alimentdən ödəniş ödəyəcəyini, icra sənədinin icrasından yayınmaq niyyətinin olmamasını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs alimentdən qismən ödənişlər etmişdir. Hazırda 4000 manat aliment borcu qalmışdır. Qısa müddətdə ödəniş edəcəyini nəzərə alaraq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs verdiyi bütün izahatlarında aliment borcunun olmasını qəbul etməsi, onun vaxtaşırı ödənişlər etdiyi, aliment ödəməkdən imtina etmədiyi müəyyən edilmişdir. Bu hallar onun icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını təsdiq edir. Həmçinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda belə Şəxs icra sənədini üzrsüz səbəblərdən icra etmədiyi barədə hər hansı bir sübut mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, Şəxs tələbkara aliment üzrə ödənişlər etmiş, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmamış, icra məmurunun qanuni tələblərindən üzrsüz səbəbdən yayınmamışdır və iş üzrə bunun əksini təsdiq edən sübutlar (Şəxs əlavə gəlirlərinin mövcud olması, borcun ödənilməsinə yönəldilə biləcək əmlakı gizlətməsi, icra məmurunun çağırışlarına gəlməməsi və s.) mövcud deyildir. Bu isə onun qərəzli olaraq icradan boyun qaçırmamasını bir daha sübut edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar