Məhkəmə qərarları › İş №3(011)-3252/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3252/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3252/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 aprel 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 125876.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 125876.50 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 016 saylı müqavilə əsasında “Wirtgen İnternational GmbH” şirkətindən aldıqları bütün mallar 2022-ci ilin oktyabr ayında idxal edilmişdir. **********3151 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə dəyəri 315.000 avro 1 ədəd asfalt yayan maşın “VÖGELE”; **********3181 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə dəyəri 315.000 avro 1 ədəd asfaltyayan maşın “VÖGELE”; **********1237 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə dəyəri 550.000 avro 1 ədəd xırdalama maşın “Kleemann” idxal edilmişdir. Əlavə olaraq qeyd etməlidir ki, gömrük bəyannamələrinin doldurulma qaydası “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” xx.xx.2014-ci tarixli, 100/143 saylı Azərbaycan Respublikası Gömrük Komitəsinin rəsmi Sərəncamı ilə tənzimlənir. Lakin tərəflərindən yalnışlığa yol verilərək gömrük bəyannamələrin 20-ci “çatdırılma şərtləri” qrafasında 110 kodunu qeyd etmişlər. Tərəflərindən gömrük orqanına dəfələrlə müraciət olunmasına baxmayaraq məktubları hələ də cavablandırılmamışdır. Beləliklə, 125876.50 Avro məbləğində pul vəsaitinin qarşılığında alınan mallar ölkəyə idxal edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir, həmçinin bu hal malların idxal edilməsinə dair gömrük bəyannamələri ilə də öz təsdiqini tapmışdır. Odur ki, göstərilənlərə əsasən o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələri barədə çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 125876.50 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 31 mart 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 04 aprel 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 aprel 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 125876.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 125876.50 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; hüquqi şəxs Şəxs MMC ilə “Wirtgen İnternational GmbH” şirkəti arasında bağlanmış müqavilədən görünür ki, alıcı 1 ədəd 315.000 avro dəyərində olan asfalt yayan maşın “VÖGELE”; 1 ədəd 315.000 avro dəyərində olan asfaltyayan maşın “VÖGELE” və 1 ədəd 550.000 avro dəyərində olan xırdalama maşın “Kleemann” adlı malı müqaviləyə əlavə edilmiş qrafikə əsasən hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür; hüquqi şəxs Şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********3151 saylı, **********3181 saylı və xx.xx.2022-ci il tarixli **********1237 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 016 saylı müqavilə əsasında razılaşdırılmış 1.180.000 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs Şəxs MMC ilə “Wirtgen İnternational GmbH” şirkəti arasında bağlanmış müqavilədən göründüyü kimi alıcı 1 ədəd 315.000 avro dəyərində olan asfalt yayan maşın “VÖGELE”; 1 ədəd 315.000 avro dəyərində olan asfaltyayan maşın “VÖGELE” və 1 ədəd 550.000 avro dəyərində olan xırdalama maşın “Kleemann” adlı malı müqaviləyə əlavə edilmiş qrafikə əsasən hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 016 saylı müqavilə əsasında razılaşdırılmış 1.180.000 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, sadəcə olaraq hüquqi şəxs tərəfindən gömrük bəyannamələrinin 20-ci “çatdırılma şərtləri” qrafasında texniki səhvə yol verilərək 110 kodu qeyd edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli 016 saylı müqavilənin şərtlərinə əsasən ölkəyə idxal edilmiş malların dəyəri hissə-hissə ödənilməklə 125876.50 Avro məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə daha əvvəl, yəni 17 oktyabr 2022-ci il və 18 oktyabr 2022-ci il tarixlərdə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 125876.50 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürülmüş 125876.50 Avro məbləğində vəsait hesabına alınmış malların idxal edilməsi barədə gömrük bəyannamələrini təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar