Məhkəmə qərarları › İş №3(011)-3253/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3253/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3253/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, şikayətçi X4, X1 Bakı regional bölməsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə X4 X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 16 avqust 2022-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə müraciət edərək, X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 16 avqust 2022-cı il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Bazarstore” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən supermarketdə müştəri şikayəti əsasında AQTA-nın Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. AQTA-nın Bakı Regional bölməsinin rəisinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə onun barəsində 1500 (bir min beş yüz) AZN məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında qərar obyektiv və ədalətli olmadığına, həmçinin aşağıda qeyd edilən digər hallara görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AQTA-nın müştəri xidmətlərinə şikayət edən vətəndaş xx.xx.2022-ci il tarixində müdiri olduğu mağazadan 5 ədəd “Heineken” əmtəə nişanlı pivə almış və mağazanı tərk etmişdir. xx.xx.2022-ci il tarixində 1 ədəd həmin əmtəə nişanlı boş pivə butulkası ilə mağazaya yaxınlaşaraq alınmış məhsulun son istifadə müddətinin ötdüyünü bildirmişdir. Müştəri ilə birlikdə satış və anbar sahəsində olan pivə məhsullarına baxış keçirilmiş və heç bir məhsulda son istifadə müddətinin keçmədiyi müəyyən olunmuşdur. Daha sonra müştəri mağazaya gətirmədiyi pivələrin geri qaytarılmasını tələb etsə də, tərəflərindən məhsulun mövcud olmadığı halda geri qaytarılmasının mümkün olmadığı müştəriyə izah edildi. Müştəri isə hədə-qorxu gələrək şikayət edəcəyini bildirdi və mağazanı tərk etdi. Müştərinin şikayəti əsasında AQTA-nın əməkdaşları tərəfindən mağazanın satış və anbar sahəsində yoxlama aparılmış və qida təhlükəsizliyi sahəsində normaların pozulması faktı aşkar edilməmişdir. Bir müddət sonra - xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli 23/21QN-7809 nömrəli bildiriş məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixində inzibati xəta haqqında iş üzrə icraata baxılması ilə əlaqədar AQTA-nın Bakı Regional Bölməsində lazımi sübutları və dəlilləri təqdim etmiş və təqsirli olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbəh vermə haqqında qərar qəbul edilmiş və sözügedən qərar xx.xx.2022-ci il tarixində məktubla şəxsən çatdırılmışdır. 2022ci ilin aprel ayı tarixindən etibarən “Heineken” əmtəə nişanlı pivə məhsulu mağazada kifayət qədər miqdarda olduğu üçün müvafiq istehsalçı firmaya sifariş verilməmiş, yalnız iyun ayında sifariş verilmiş və xx.xx.2022-ci il tarixində həmin əmtəə nişanlı məhsul mağazaya daxil olmuşdur. Şikayət edən müştəri də pivə məhsullarını xx.xx.2022-ci il tarixində almışdır. Son istifadə tarixi ötmüş məhsulların istehsal olunduğu partiyaya aid məhsulların mağazada satılmadığı halda onun cərimə olunmağı ədalətli deyildir. Həmçinin məhsulların istehsalçı tərəfindən bir barkod üzrə istehsal edildiyini nəzərə alaraq, məhsulların hansı mağazadan alındığını alış-veriş qəbzi ilə müəyyən etmək qeyri-mümkündür. Əlavə olaraq qeyd etmək lazımdır ki, həmin gün 25 ədəd sözügedən əmtəə nişanlı pivə məhsulu satılmış və heç bir müştəridən şikayət daxil olmamışdır. Bu səbəbdən müştərinin etdiyi şikayətin əsassız və kifayət qədər sübutlarla öz təsdiqini tapmadığı halda onun inzibati cərimə növündə tənbeh edilməyi düzgün və qanunauyğun deyildir. Üstəlik X1 Bakı regional bölməsində işə baxılması zamanı bölmə əməkdaşlarına iş üzrə bütün sənədlər və sübutlar təqdim edilmiş, işin bütün faktiki halları izah edilmiş, lakin bölmə rəhbərliyi şübhə və ehtimallara əsaslanaraq son istifadə tarixi keçmiş məhsulun hansısa səbəb üzündən mağaza anbarında qala biləcəyini bildirmişdir. İş üzrə bütün şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Vəzifəli şəxs olmadığı halda vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Belə ki, o, AQTA-nın xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında iş üzrə direktor qismində tanıdılaraq barəsində inzibati cərimə tətbiq edilmişdir. Halbuki vəzifəli şəxs deyildir və "xxxx" MMC-ni nə təmsil etmək, nə də onun adından qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Əsas səlahiyyəti mağazada malların satışına ümumi nəzarət etməkdir. AQTA Bakı Regional Bölməsi inzibati xəta haqqında işə baxarkən inzibati qanunvericiliyin 112-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, səlahiyyətli olub-olmadığını yoxlamadan, ondan müvafiq etibarnamə tələb edilmədən, barəsində qərar qəbul edərək, ona məxsus olmayan, “Bazarstore" MMC-nin VÖEN-nin inzibati tənbeh vermə haqqında qərarda qeyd edərək, İC********** kod vasitəsi ilə hökumət ödəniş portalında ödənilməsi tələb edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunvericliklə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Belə ki, inzibati tənbehvermə haqqında qərar xx.xx.2022ci il tarixində qəbul edilmiş, dələlərlə əlaqə saxlanılmasına baxmayaraq 8 gün sonra xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Halbuki inzibati qanunvericiliyə əsasən iş üzrə qəbul edilmiş qərar 2 gün müddətində barəsində inzibati icraat aparılan səxsə təqdim edilməlidir. Bununla da işə baxan səlahiyyətli orqan inzibati qanunvericiliyin 117-ci maddəsinin normasını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Bakı regional bölməsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, "Bazarstore” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən supermarketdə X1 əməkdaşları tərəfindən yoxlama aparılmış, saxlama müddəti ötmüş məhsul aşkar edilməmişdir. Müştərinin şikayətçi olmasını qeyd edərək X4 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, yararlılıq müddəti keçmiş “Heineken” əmtəə nişanlı məhsulun satışının həyata keçirilməsi aşkar edilmişdir. İş materiallarında olan 16 avqust 2022-cı il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, "xxxx" supermarketinin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan malzeme belgesi listesinden görünür ki, "xxxx" MMC tərəfindən “X9 330 ml” məhsulu 2022-ci ilin yanvar ayı ərzində 78 ədəd, fevral ayı ərzində 166 ədəd, mart ayı ərzində 122 ədəd, aprel ayı ərzində 30 ədəd, may ayı ərzində 35 ədəd, iyun ayı ərzində 61 ədəd alınmışdır. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 447.0.2-ci maddəsinə əsasə saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən “X9 330 ml” məhsulu iyun ayında sifariş verilmiş və xx.xx.2022-ci il tarixində həmin əmtəə nişanlı məhsul mağazaya daxil olmuşdur. xx.xx.2022-ci il tarixində X4 direktoru olduğu "xxxx" MMC-yə vətəndaş 1 ədəd “Heineken” əmtəə nişanlı boş pivə şüşəsi ilə yaxınlaşaraq alınmış məhsulun son istifadə müddətinin ötdüyü barədə şikayətini bildirmiş və müştərinin şikayəti əsasında X1 əməkdaşları tərəfindən mağazanın satış və anbar sahəsində yoxlama aparılmış və qida təhlükəsizliyi sahəsində normaların pozulması faktı aşkar edilməmişdir. Göründüyü kimi X1 əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı müştərinin təqdim etdiyi məhsulun saxlama müddətinin nə vaxt ötməsi və nə vaxt satılması müəyyən edilməmiş və ya bu barədə heç bir akt tərtib edilməmiş, müştərinin məhsulu məhz həmin mağazadan və saxlama müddəti ötdükdən sonra almasını təsdiq edən qəbz iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokolda və qərarda bu xüsusatlar öz əksini tapmamışdır. Əksinə mağazada saxlama müddəti ötmüş məhsulların satılması aşkar edilmədiyi halda, müştərinin artıq içilmiş boş şüşə ilə mağazaya etdiyi şikayətə görə ehtimallar əsasında X6 əsassız cərimə edilmişdir. Müştərinin içkini içdikdən sonra mağazaya boş şüşə ilə gələrək saxlama müddətinin ötməsini bildirməsi həmin məhsulun satılan vaxt saxlama müddətinin ötməsi faktını təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, X4 barəsində X1 Bakı regional bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslandığı sübutlar Agentlik tərəfindən aşkar edilməmişdir. Məhkəmə belə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş 16 avqust 2022-cı il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X4 şikayəti təmin edilsin X1 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 16 avqust 2022-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar