Məhkəmə qərarları › İş №3(011)-3258/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3258/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3258/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 aprel 2025-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 53518.79 Avro məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 09 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 53518.79 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, hüquqi şəxs tərəfindən 09 mart 2023-cü il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 53518.79 Avro məbləğində xarici valyutada olan vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüşdür. Həmin məbləğdən 44500 Avro qarşılığında alınan mallar ölkəyə idxal edilmiş və bu hal malların idxal edilməsinə dair gömrük bəyannaməsi ilə də öz təsdiqini tapmışdır. Həmçinin, qalıq qalmış məbləğ qarşılığında alınan malların göndərilməsi hüquqi şəxsdən asılı olmayan səbəblərdən təmin edilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 53518.79 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 09 mart 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 17 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 02 il keçməsinə baxmayaraq malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 aprel 2025-ci il tarixli, EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti 53518.79 Avro məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 09 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 53518.79 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. "xxxx" ASC tərəfindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilmiş 15 may 2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 53518.79 Avro məbləğli avans ödənişinin bağlanması üçün təqdim olunan **********9018 saylı YGB üzrə xx.xx.2025-ci il tarixində 44500 Avro məbləğində qeydiyyat aparılmışdır. Qeydiyyat aparıldıqdan sonra YGB **********9018 üzrə qalıq məbləğ sıfır olmuşdur. xx.xx.2023-cü il tarixli 53518.79 Avro məbləğli avans ödənişi üzrə açıq qalan məbləğ 9018.79 Avro təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 09 mart 2023-cü il tarixində 53518.79 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin ödənişdən 9018.79 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməmişdir. Belə ki, Şəxs QSC-nin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 15 may 2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 53518.79 Avro məbləğli avans ödənişinin bağlanması üçün təqdim olunan **********9018 saylı YGB üzrə xx.xx.2025-ci il tarixində 44500 Avro məbləğində qeydiyyat aparılmışdır. Qeydiyyat aparıldıqdan sonra YGB **********9018 üzrə qalıq məbləğ sıfır olmuşdur. xx.xx.2023-cü il tarixli 53518.79 Avro məbləğli avans ödənişi üzrə açıq qalan məbləğ 9018.79 Avro (inzibati xəta hadisəsi baş verən dövrün məzənnəsinə uyğun olaraq 9018.79 Avro = 10191.23 ABŞ dolları) təşkil edir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, 44500 Avro məbləğində vəsait hesabına alınmış məhsulların ölkəyə idxal edilməsini təsdiqləyən sənədin banka təqdim edildiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 9018.79 Avro (inzibati xəta hadisəsi baş verən dövrün məzənnəsinə uyğun olaraq 9018.79 Avro = 10191.23 ABŞ dolları) vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsini və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamasını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9018.79 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1803 (min səkkiz yüz üç) Avro, 75 (yetmiş beş) Avrosent (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar