Məhkəmə qərarları › İş №3(011)-3260/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3260/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3260/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə iştirakları ilə Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən 82799.95 Avro məbləğində vəsait bank vasitəsilə 27 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 82799.95 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 28 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı 15 aprel 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Şəxs MMC vasitəçi (agent) qismində çıxış edir və xaricdən əvvəlcədən aldığı vəsaiti sonradan digər təchizatçıya yönləndirməklə agent xidmətini həyata keçirir. Nəticədə, bu əməliyyatdan agentlik xidmət haqqı şəklində mənfəət əldə etmişlər. Beləliklə, əməliyyatın iqtisadi və hüquqi mahiyyəti idxal deyil, vasitəçilik xidməti olmuşdur. Şirkətə daxil olan 1,000,000.00 EUR məbləğ müqavilə və avans invoys əsasında xarici müştəri Veza LLC tərəfindən xx.xx.2023 tarixində "xxxx" ASC-dəki avro hesabına ödənilmişdir. Bu vəsait əsasında şirkətlə təchizatçı arasında olan müqaviləyə uyğun olaraq, xx.xx.2023 tarixində malların alınması məqsədilə ödəniş edilmişdir. Təəssüf ki, ödənişin texniki təqdimatı zamanı səhvən gömrük (PİN) kodu əlavə edilmiş, nəticədə sistem bu əməliyyatı idxal xarakterli avans kimi qiymətləndirmişdir. Əslində, mallar "xxxx" MMC-nin adı ilə alınmış, ancaq birbaşa Rusiyadakı müştəriyə (Veza LLC) çatdırılmışdır. Bu, ixrac əməliyyatı olaraq rəsmiləşdirilmiş və CMR, ixrac bəyannaməsi ilə sənədləşdirilmişdir. Cəmiyyət idxal edən deyil, agent qismində fəaliyyət göstərən vasitəçi olmuşdur. Onlar vəsaiti əvvəlcədən almış, daha sonra təchizatçıya ödənişi icra etmişlər. Bu, agentlik müqaviləsinə tam uyğundur. Azərbaycan Respublikasına daxil olan məbləğ (1,000,000.00 EUR), ölkədən çıxarılan məbləğdən artıqdır, çünki onlar bu əməliyyatdan gəlir əldə etmişlər. Protokolda qeyd edilən pozuntu yəni idxal əməliyyatı üzrə bəyannamənin təqdim olunmaması əməliyyatın real xarakteri nəzərə alınmadan sistematik texniki yanaşma ilə qiymətləndirilmişdir. Şirkət ödənişin təyinatının düzəldilməsi üçün "xxxx" ASC-yə, daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada müraciət etmişdir. Lakin texniki və sistem maneələri səbəbindən bu düzəlişlər həyata keçirilməmiş və nəticədə məsələ birbaşa məhkəməyə yönləndirilmişdir. Cəmiyyət AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini qəsdən və ya ehtiyatsızlıqla pozmamışdır. Əksinə, əməliyyatın iqtisadi və hüquqi məzmunu nəzərə alınmadan, texniki bir yanlışlıq əsasında inzibati məsuliyyət tətbiq edilməkdədir. Dövlətin və Qanunvericiliyin bu maddəsinin əsas məqsədi, xarici ticarət və ya digər əməliyyatları adı altında Azərbaycan Respublikasından vəsaitlərin əsassız şəkildə ölkə xaricinə çıxarılmasının qarşısını almaqdır. Lakin hazırkı halda tam əksinə, xaricdən vəsait əvvəlcədən daxil olmuş, daha sonra bu vəsaitin bir hissəsi malların alınması üçün istifadə edilmiş və bu mallar birbaşa istehsal edən şirkətdən sifarişçiyə çatdırılmışdır. Şirkət agent kimi xidmət göstərmiş, əməliyyatdan gəlir əldə etmiş və həmin gəlir üzrə də müvafiq qaydada mənfəət vergisi ödəmişdir. Yəni əməliyyat üzrə ölkədən çıxan məbləğ ölkəyə daxil olan məbləğdən az olmuşdur. Bu faktlar və sənədlər əsasında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, protokol "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlar əsasında tərtib edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, şirkətin fəaliyyəti vasitəçiliyə uyğundur və sənədlər üst-üstə düşür. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 27 fevral 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 82799.95 Avro məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən 82799.95 Avro məbləğində vəsaitin qarşılığında alınmış vəsait ölkəyə daxil olmuşdur. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 27 fevral 2023-cü il tarixində 82799.95 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar