Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3263/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, X2 xx.xx.2024-cü il tarixində saat 22:10 radələrində **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mikayıl Əliyev küçəsi ilə hərəkətdə olan zaman **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti NV-ni idarə edən yol patrul əməkdaşları tərəfindən saxlanılmışdır. Əməkdaşlar özlərini təqdim etmədən və vətəndaşla rəftar qaydalarına diqqət etmədən ona yaxınlaşaraq NV-nə led işıq quraşdırdığı üçün kanstruksiya dəyişikliyi etdiyini iddia edərək heç bir subüt və əsas göstərmədən İXM-nin 342.2.2-ci maddəsinə əsasən cərimə olunacağını və NV-nin duracaqla təmin olunacağını ona bildirmişlər. Əməkdaşlar yerindəcə protokol tərtib etmədən NV-ni duracağa yerləşdirdilər və onu BŞDYPİ 20-ci otağa dəvət edərək oradan uzaqlaşdılar. O, xx.xx.2024-cü il tarixində idarəyə yaxınlaşmış, orada vəziyyətlə bağlı məlumat vermiş, lakin əməkdaşlar yenədə sübut göstərmədilər və protokolu ona vermədilər. İdarədən uzaqlaşdıqdan 15 dəqiqə sonra cərimə ona qərarlı statusunda onlayn formada gəlmişdir. Bu barədə DİN qaynar xəttinə, Xətai rayon məhkəməsinə və Baş prokurorluğa şikayətini bildirmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixində saat 15:20-də iclas keçirdi və şikayətinin qismən təmin olunmasını, məsələnin araşdırılması, inzibati xətanın tutarlı sübutlarını göstərən məlumatların göstərilməsi üçün təkrar BŞDYPİ-nə göndərilməsini tələb edən qərar çıxartdı. Bir müddət sonra protokolun qərarı ləğv olunmuş, lakin o, xx.xx.2024-cü il tarixində yenidən idarəyə 29-cu otağa dəvət olunmuşdur. İdarəyə yaxınlaşmış və məsələ ilə bağlı izahat yazmışdır. Lakin onlar qanun çərçivəsində inzibati xətanı əks etdirən əsaslı sübut göstərmədən protokolu qərarlı statusuna gətirmişlər. Məsələyə ədalətli və şəffaf baxılmamış, vətəndaş hüquqlarına hörmət olunmamışdır. Bunlar azmış kimi onu led quraşdırdığı üçün protokol açan əməkdaşlar və vəzifəli şəxslər sübut gösdərə bilmədikdə yeni qərarda YHQ-nın 1 saylı əlavəsinin 5-ci bəndini pozduğunu sübut gətirmişlər. Barəsində əsassız yerə çıxarılmış bu qərarın ümumiyyətlə heç bir sübutu yoxdur və əməkdaşlar onu led işığa görə saxlamışdırlar. Ümumiyyətlə əsassız şübhələrdən başqa heç bir sübutları da yoxdur. Əgər heç bir inzabati xəta tərkibi yoxdursa bu zaman İXM-nin 8-ci maddəsinə əsasən məsələ vətəndaşın xeyrinə həll olunur. Odur ki, barəsində qəbul edilmiş TP ******* saylı, 24 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, halogen lampaların onun avtomobilinin lampa taxılan yerini əritdiyi üçün həqiqətən də led işıq quraşdırdığını bildirdi, bunun qanunla qadağan olmadığı üçün şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən TP ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda qadağan edilir. Belə ki, duman faraları sarı və ya ağ rəngdə olmalıdır. Lakin duman faralarına LED lampalardan istifadə edilməsi qarşıdan gələn sürücünün gözünü qamaşdırması səbəbindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 24 iyul 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3263/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3263/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver