Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3266/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə iştirakları ilə Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən 22.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 17 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür."Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 22.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla bağlı 17 mart 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, vəsait hesabına alınmış mallar 27 dekabr 2024-cü il tarixdə ölkəyə daxil olmuş, lakin ödənişin təyinatında texniki olaraq səhv yazılmışdır. Təyinatda “payment” əvəzinə “prepayment” qeyd edilmişdir. Ödənişin təyinatının dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-yə elektron qaydada müraciət etmişdir. Şirkətin adı əvvəl "xxxx" MMC olmuş, daha sonra Şəxs MMC olmuşdur. Hazırda məhsullar ölkəyə daxil olduğundan və ödəniş edildiyindən icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, Mərkəzi Bank "xxxx" ASC tərəfindən onlara təqdim edilmiş sənədlər əsasında şirkət barəsində protokol tərtib etmişdir. Şirkət ödəniş təyinatını “payment” (ödəniş) əvəzinə “pre-payment” (əvvəlcədən ödəniş) olaraq seçmişdir. Bankların ödənişin təyinatını dəyişmək kimi imkanı yoxdur. Hazırkı işdə bəyannamələrin köçürmə şərti 120 olaraq qeyd edilmişdir. Belə olan halda əvvəlcə məhsul ölkəyə daxil olur, daha sonra ödəniş köçürülür. Hazırda müqavilə ilə avansdakı müqavilə eynilik təşkil edir. Qeyd edilənlər nəzərə alınmaqla iş üzrə yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan ödəniş tapşırığı surətindən görünür ki, "xxxx" MMC (hazırda Şəxs MMC) tərəfindən 17 fevral 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 22.000 ABŞ Dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 17 fevral 2023-cü il tarixində 22.000 ABŞ Dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, həmin məbləğ müqabilində olan mallar ölkəyə idxal olunmuşdur. Lakin şirkətin bəyan zamanı ödənişin təyinatını texniki olaraq səhv qeyd etməsi nəticəsində hazırkı protokol tərtib edilmişdir. Nə qədər ki, alınan mallar ölkəyə daxil olmuşdur və buna görə ödəniş edilmişdir, məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-3266/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3266/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver