Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3277/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07.08.2021ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərdi ki, 07.08.2021-ci il tarixdə “Amay” ticarət mərkəzinin giriş hissəsində açıq hava məkanında siqarət çəkərkən adı ona məlum olmayan polis əməkdaşı yaxınlaşaraq ona AR İXM-nin 211.2-ci maddəsinin tələblərini guya pozduğunu, cərimə olunacağını bildirmişdir. Maddənin tələbindən də göründüyü kimi epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimə nəzərdə tutulmuşdur. Lakin hesab edir ki, tərəfindən həmin maddənin tələbləri pozulmamış, cərimə polis əməkdaşının qərəzli mövqeyinin nəticəsi olaraq tərtib edilmişdir. Belə ki, polis əməkdaşına siqarət çəkdiyi yerin açıq məkan olmasını bildirsə də, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq açıq hava məkanında fərdi qoyurucu vasitəsindən istifadənin qadağan olunmadığını desə də, görünür polis əməkdaşı qanunvericiliyin tələblərindən məlumatsız olmuşdur və ya həqiqətən də açıq hava məkanı ilə, qapalı məkanın hansı cəhətlərdən bir- birindən fərqləndirilməli olmasından bixəbərdir. Ümumiyyətlə polis əməkdaşının hansı səbəbdən həmin protokolu tərtib etməsi əsasları hələ də ona məlum deyil. Polis əməkdaşının qanunvericilikdən xəbərdar olmaması və ya ümumiyyətlə açıq məkanın və ya qapalı məkan arasında fərqləndirmə apara bilməməsi təəccüb doğurur. Hər nə qədər protokol nəticəsində tətbiq edilən cərimənin məbləği böyük olmasa da əməkdaşın belə qanunsuz hərəkəti bir vətəndaş kimi narazılıq doğurur. Əlavə olaraq qeyd etmək istəyir ki, əməkdaşın qərəzli mövqeyi həmin ərazidə mövcud olan kamera görüntülərə baxılan zaman da öz əksini tapacaqdır. Bu səbəbdən də hesab edir ki, kamera görüntülərə hazırkı iş üzrə baxılması zərurəti vardır. Belə ki, qeyd olunan işin faktiki halları başqa əsasla sübut etmək imkanı yoxdur. İnzibati protokol tərtib edilərkən polis əməkdaşı tərəfindən təkcə maddi hüquq pozuntusu yox, həmçinin hesab edir ki, prosessual normalar da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati protokolu tərtib edən şəxs barəsində konkret göstərişlər müəyyən etmişdir. Qeyd olunan maddədən göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı qeyd olunmalıdır. Bundan əlavə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. O cümlədən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Gülünc bir vəziyyətdir ki, inzibati xətanın törədilməsi barədə protokolun tərtib edilməsi barədə prinsipial əhəmiyyət daşıyan AR İXM-nin 100-cü maddəsinin demək olar ki, heç bir tələbinə əməl edilməmiş, nə hüquq və vəzifələri izah edilmiş, o cümlədən izahat verməyi ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Odur ki, qeyd edilənlərə əsaslanaraq, şikayətini təmin edərək AR İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinməyinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin EXP1094608 saylı 07.08.2021-ci il tarixli protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 fərdi qoruyucu tibbi vasitələrdən istifadə qaydalarını pozması əsas gətirilərək barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 fərdi qoruyucu tibbi vasitələrdən istifadə etməməsi əsas gətirilərək İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 fərdi qoruyucu tibbi vasitələrdən istifadə etməməsi əsas gətirilərək İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X2 polis əməkdaşının onu açıq məkanda saxladığını, fərdi qoruyucu vasitələrdən istifadənin açıq məkandan məcburi olmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3277/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3277/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver