Məhkəmə qərarları › İş №3(011)-3281/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3281/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3281/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə X10 əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 03:00 radələrində Gen. Mehmandarov dairəsi yaxınlığında “Toyota Prius” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomaşını spirtli içki təsiri altında idarə edərkən polis əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. Lakin o, onların qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etmiş və onları söyərək təhqir etmişdir. Ona spirtli içki içki təsiri altında olmasının yoxlanılmas məqsədilə həkim müayinəsinə aparılması bildirildikdə, o yenə də imtina etmiş, polisin qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 35ci PB-nə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis Bölməsində olanda da polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etmiş, polis əməkdaşlarını təhqir edərək onların şərəf və ləyaqətini alçaltmışdır. Dəfələrlə onu sakitliyə çağırsalar da, o, razılaşmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Xətai RPİ-nin X10 şöbəsinin, yol patrul xidməti inspektoru, polis serjantı X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 03:00 radələrində **-YP-*** avto patrulla xidmətdə olan zaman Gen. Mehmandarov dairəsi yaxınlığında “Toyota Prius” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomaşın şübhəli manevr qaydaları etdiyi üçün həmin maşına saxla işarəsi vermişlər. Bir qədər saxla əmrinə tabe olmasa da sonradan maşını saxladıqda sürücü ilə bir qədər profilaktik söhbətlər aparan zaman məlum olmuşdur ki, Şəxs avtomaşını artıq dərəcədə qəbul etdiyi spirtli içkinin təsiri altında idarə edir. Həmin sürücünü içkililik müayinəsinə dəvət etdikdə onların qanuni tələblərinə məhəl qoymamış, həkim müayinəsinə getməkdən imtina etmiş və müxtəlif küçə söyüşləri ilə şərəf və ləyaqətlərini alçaltmışdır. Bundan sonra Post Patrul Xidmətinin əməkdaşları çağırılmış və Şəxs 35-ci PB-nə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə X10 əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/31805 saylı xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq halı aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:50-də tutulmuşdur. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), himayəsində iki azyaşlı övladının olmasını (İXM 32.2), və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «06» sentyabr 2023-cü il tarixdən saat 04:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «06» sentyabr 2023-cü il tarixdən saat 04:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar