Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3289/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1982-ci ildə Naxçıvan MR-sı, Şərur rayonunda anadan olmuş, Naxçıvan MR-sı, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixində saat 23:43-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinin qarşısında «VAZ 21074» minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi aşkar edilmişdir. Bakı şəhər Xətai Rayon Polisi İdarəsinin DYPŞ-nin inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə axşam radələrində komendant saatı vaxtı evdə yemək yeyib spirtli içki olan araq qəbul etmişdir. Yeyib-içdikdən sonra təxminən gecə saat 22:30 radələrində siqareti bitmiş və yaşadığı binanın qarşısında saxladığı maşınının bardaçokunda olan siqareti götürmək üçün yaşadığı binadan aşağı düşmüş və maşına doğru hərəkət etməyə başlamışdır. Özünə məxsus olan «VAZ 21074» minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çatanda hərbi vəziyyətlə əlaqədar elan edilmiş komendant saatı ilə əlaqədar küçədə olan polis əməkdaşları ona yaxınlaşaraq komendant rejimini pozmasını polis əməkdaşları ona bildirmişlər. O isə vəziyyəti izah edərək evdə siqaretinin tükəndiyini və maşının bardaçokundan siqaret götürmək üçün düşdüyünü bildirmişdir. Lakin polis əməkdaşları onu və nəqliyyat vasitəsini polislər sürməklə 35-ci polis bölməsinə aparmışlar. Həmin bölmədə izahat verəndə spirtli içkini evdə içməsini və maşından siqaret götürmək üçün düşdüyünü qeyd etmişdir. Polis əməkdaşları YPX-nin əməkdaşını ora dəvət etmişlər. Daha sonra içkili vəziyyətdə maşın sürməyə görə ona protokol yazılacağı hədəsi ilə 35-ci polis bölməsinin əməkdaşları ona qarşı hədə qorxu gəlməyə başlamışlar. O isə belə bir şeyin baş vermədiyini qeyd edərək protokolun yazılmasına etiraz etmişdir. Həmin polis əməkdaşları ondan 400 manat pul istəmişlər. Lakin o, maddi imkanı olmadığına görə bu pulu 35-ci polis bölməsinin əməkdaşlarına verə bilməmişdir. Daha sonra DYPŞ-nin əməkdaşı ora gəlmiş və onu narkoloji mərkəzə yoxlanışa aparmışdır. Narkoloji mərkəzdə onun içkili vəziyyətdə olması barədə rəy verilmişdir. Buna görə onun barəsində AR İXMnin 333.1-ci maddəsilə inzibati protokol tərtib edilmişdir. Qeyd olunan protokol ilə razı olmadığını, içkili vəziyyətdə maşın sürmədiyini qeyd edərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2/15813 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində spirtli içki qəbul etməsi və sərxoş vəziyyətə olması barədə həkim rəy vermişdir. Lakin iş materiallarına protokolda qeyd edilmiş «VAZ 21074» minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən sərxoş vəziyyətdə idarə etməsinə dair mötəbər sübut əlavə edilməmişdir. Belə ki, Şəxs izahatında qeyd etmişdir ki, o, sərxoş vəziyyətdə olmuş, lakin nəqliyyat vasitəsini idarə etməmişdir, sadəcə nəqliyyat vasitəsində olan siqaretini götürmək üçün maşına yaxınlaşmışdır. Şəxs qeyd etdiyi xüsusatı səlahiyyətli orqan tərəfindən ətraflı araşdırılmadan onun barəsində əsassız olaraq protokol yazılmış, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında qeyd etdiyi xüsusatın əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, eləcə də tərtib olunmuş protokolda Şəxs qeydləri əlavə edilməmiş, eləcə də protokol tərtib olunarkən alınmış izahat iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın harda baş verməsi qeyd edilməmişdir. Eləcə də qeyd olunan protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etdiyi kimi Xətai RPİ-nin 35-ci Polis Bölməsinin qarşısında tərtib edilmişdir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, «X3» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olubolmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə əsasən “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3289/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3289/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver