Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3300/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X1 iştirakı ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 avqust 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 49968.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti "xxxx" ASC vasitəsilə 30 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 il müddətin keçməsinə baxmayaraq, 49968.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, xidmətin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi X3 protokola etiraz edərək bildirmişdir ki, Mərkəzi Bankın protokolu İXM-nin tələblərini pozaraq tərtib edildiyindən, eləcə də əsassız olduğundan ləğv edilməlidir. Protokol tərtib edilərkən İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Protokol tərtib edilərkən "xxxx" QSC-yə heç bir məlumat verilməmiş, Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, işin mahiyyəti barədə Cəmiyyətin izahat vermək hüququ təmin edilməmiş və müvafiq olaraq Protokol da Cəmiyyətə təqdim edilməmişdir. Halbuki, İXM-nin 100.1-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarının göstərilməsi, 100.2-ci maddəsində protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilməsi, 100.3-cü maddəsində protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilməsi və 100.4-cü maddəsində protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanması barədə tələblər müəyyən edilmişdir. İnzibati xəta hadisəsi mövcud olmadığı halda protokol tərtib edilmişdir. Belə ki, 49,968.00 (qırx doqquz min doqquz yüz altmış səkkiz) ABŞ dolları məbləğində edilmiş avans ödəniş Cəmiyyətlə “ELAİKS SOFT SERVİCES BİLGİSAYAR ELEKTRONİK SANAYİ ve TİC LTD” şirkəti arasında bağlanmış Proqram təminatından istifadə hüququ və xidmət haqqında müqaviləyə əsasən həyata keçirilmişdir. Müqavilə üzrə proqram təminatından istifadə və xidmətlərin alınması yalnız 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı üçün alınmış və bundan sonra qarşı tərəfdən xidmətin alınması dayandırılmış və tərəflər arasında faktiki olaraq müqavilə münasibətlərinə xitam verilmişdir. Göstərilən aylara dair hesablaşma sənədləri (hesabfakturalar, təhvil-təslim aktları, bank köçürmə sənədləri) əlavə olunur. Müqavilənin 16.2-ci bəndinə əsasən Cəmiyyət Müqavilədən vaxtından əvvəl imtina etdikdə, Müqavilənin qalan müddəti üçün aylıq minimum royalti haqları ödəməlidir ki, qarşı tərəf bununla bağlı 105,000.00 ABŞ dolları məbləğində ödənişin edilməsinə dair hesab-faktura təqdim etmişdir. Buna görə ödənilmiş avans məbləği ilə yuxarıda göstərilən məbləğin yalnız bir hissəsi əvəzləşdirildiyindən, avans məbləğinin geri tələb olunması istisna olunur. Bu fakt isə özlüyündə inzibati xəta hadisəsinin olmadığını və inzibati xəta haqqında iş üzrə icraatın rədd edilməli olduğunu göstərir. Hazırkı etirazın ilk iki hissəsindən göstərilənlərə əlavə olaraq, X2 inzibati xətanın obyekti kimi hesab etdiyi və göstərdiyi məbləğ yalnışdır. Belə ki, Müqavilənin əlavəsi olan Əlavə B-nin (Xidmət haqları və hesablaşmalar) 1.2-ci bəndinə əsasən 49,968.00 (qırx doqquz min doqquz yüz altmış səkkiz) ABŞ dolları məbləğində avans məbləğin 12 ay üzrə verilmiş xidmət haqqının ödənilməsi üçün qarşı tərəfin verəcəyi hesab-fakturalardan bərabər hissələrlə çıxılacağı müəyyən edilmişdir. Bu müddəaya əsasən yuxarıda qeyd edildiyi kimi xidmətlərdən istifadə olunmuş dörd ay müddəti üçün Cəmiyyət ona hər təqdim edilmiş invoysdan 4,164.00 (dörd min yüz altmış dörd) ABŞ dolları məbləğini çıxaraq ödənişlər etmişdir ki, bu fakt etiraza qoşulan hesablaşma sənədləri ilə öz təsdiqini tapır. Yəni 49,968.00 (qırx doqquz min doqquz yüz altmış səkkiz) ABŞ dolları məbləğindən ümumilikdə dörd ay üçün 16,656.00 (on altı min altı yüz əlli altı) (hesablanması: 4164 x 4) ABŞ dolları məbləği alınmış xidmətlərin əvəzi kimi xidmət haqlarından çıxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü, 61-ci, 100-cü və 105-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" QSC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 iyul 2019-cu il tarixində "xxxx" (Azərbaycan) ASC vasitəsilə 49968.00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 iyul 2019-cu il tarixdə qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Müdafiəçinin etirazda göstərdiyi xidmətlər müqabilində istifadə olunmuş dörd ay müddət üçün Cəmiyyətin hər təqdim edilmiş invoysdan 4,164.00 (dörd min yüz altmış dörd) ABŞ dolları məbləğini çıxaraq ödənişlər etməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş 49968.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən faizi miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 49968.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 9993.60 (doqquz min doqquz yüz doxsan üç ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3300/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3300/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver