Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3306/2020 31.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər DYPİ-nin əməkdaşı polis inspektoru leytenant X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı və TP ******* saylı qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Mustafayev Elşən Rövşən oğlu tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Mustafayev Elşən Rövşən oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin əməkdaşı polis inspektoru leytenant X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli İXP3377471 saylı protokola əsasən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməyi barədə TP ******* saylı qərarı və ona məxsus avtomobilin nömrəsinə işlənmiş X1 barəsində xx.xx.2020-ci il tarixli. İXP3377461 saylı protokola əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə TP ******* saylı qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsininzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qərarlardan görünür ki, hər bir protokola münasibətdə inzibati icraat müstəqil həyata keçirilmiş, ayrı-ayrılıqda qərar qəbul edilmiş, şikayətçi iki qərardan bir icraatda şikayət vermişdir. Bundan əlavə, yuxarıda qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, barəsində qərar çıxarılmış fiziki şəxsin iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Mustafayev Elşən Rövşən oğlu isə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Beləliklə, məhkəmə, hər bir protokola münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsini, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını, Mustafayev Elşən Rövşən oğlunun digər şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından İnzibati Xətalar Məcəlləsinin 128.1-ci və 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ-nin əməkdaşı polis inspektoru leytenant X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı və TP ******* saylı qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Mustafayev Elşən Rövşən oğlu tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər Mustafayev Elşən Rövşən oğluna geri qaytarılsın. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3306/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3306/2020
31.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver