Məhkəmə qərarları › İş №3(011)-331/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-331/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-331/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Nizami Abdullayev və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Saatlı rayonu, Əlibad kəndində qeydiyyatda olan və Saatlı rayonu, Məmmədabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Nizami Abdullayev tərəfindən 03 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 03 fevral 2022-ci il tarixdə saat 03 radələrində Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və şəxsiyyətinin müəyyən edilməsi üçün şöbəyə dəvət olunmuşdur. Narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmış və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilmişdir. Bir həftə əvvəl narkotik vasitədən istifadə etmiş, hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Nizami Abdullayev izahatında göstərdi ki, 03 fevral 2022-ci il tarixdə saat 03 radələrində Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və şəxsiyyətinin müəyyən edilməsi üçün polis Şöbəsinə dəvət etmişdir. Daha sonra Şəxs narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmışdır. Müayinə nəticəsində həmin şəxsdə “OPİ”, “MET” və “AMP” maddələrindən istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 03 fevral 2022-ci il tarixli, 608 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “OPİ”, “MET” və “AMP” maddələri aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 fevral 2022-ci il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 03 fevral 2022-ci il tarixdən, saat 03:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar