Məhkəmə qərarları › İş №3(011)-3323/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3323/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3323/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Böyük Bəhmənli Ərazi Dairəsi, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 07 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi 152 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlədərək vətəndaşları və polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 07 sentyabr 2023-cü il tarixdə “Kontakt Home” mağazasının qarşısında dayanmış və sonra su içmək üçün müdiriyyətə müraciət etmişdir. Lakin onlar onu döyərək mağazadan qovmuşlar. Bundan sonra o, Heydər Əliyev parkına getmiş və orada Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 07 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi 152 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlədərək vətəndaşları və polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X7 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə inzibati ərazidə xidmət apararkən Məhəmməd Hadi 152 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında bir nəfər vətəndaş onlara yaxınlaşaraq həmin obyektin qarşısında bir nəfər şəxsin obyektin içərisinə daxil olaraq həm işçilərin, həm də qadınların ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Onlar dərhal həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər. Vətəndaş cəmiyyət içərisində uca səslə polislərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin vətəndaşı 2438 saylı çağırışlı avtopatrula əyləşdirmək istəyən zaman onlara fiziki güc tətbiq etməyə başlamışdır. Onlar onu sakitçiliyə çağırıb özünü təqdim etməsini xahiş etdikdə, o imtina etmiş və onların qanuni tələblərinə məhəl qoymayaraq, qanunsuz hərərkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi 152 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlədərək vətəndaşları və polis əməkdaşlarını təhqir edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «07» sentyabr 2023-cü il tarixdən saat 15:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «07» sentyabr 2023-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar