Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3326/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X4 iştirakı ilə, X4 Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda da ikinci Qarabağ müharibəsində şəhid olan kürəkəni X2 ailə üzvlərinə baxır, qızını və onun iki azyaşlı uşağı şəhid ailəsi üzvü kimi onun himayəsindədirlər. Bildirmişdir ki, hal-hazırda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhəri Xətai rayonu Lütfizadə küçsi 73 ünvanında yerləşən Mirana Palas şadlıq sarayını icarə əsasında işlədir. Hər ay qanuni şəkildə vergi, kommunal xidmətləri və s. ödənişlərini dövlət büdcəsinə ödəyir. Hal-hazırda rəhbərliyi altında 18 nəfər əmək müqaviləsi əsasında işçisi var. Fəaliyyət göstərdiyi sahə ictimai iaşə sahəsi üzrə olduğu üçün şənlik toy məclisləri keçirilməsindən ibarətdir. Pandemiya ilə əlaqədar ölkədə toy şənliklərinə qoyulmuş qadağalara görə bir ildən çox idi ki, fəaliyyətləri dayandırmışdılar. Hal-hazırda Nazirlər Kabinetinin göstərişi əsasında qoyulan qaydalara uyğun olaraq işləri bərpa olunub. 22.07.2021-ci il tarixdə Bakı Şəhər Xətai Rayon 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən fəaliyyət göstədiyi Mirana Palas şadlıq sarayına baxış keçirilib və guya ki, epidemiya əleyhinə rejimin karantin qaydalarını pozduğuna görə vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 22.07.2021-ci il tarixli EXP ******* saylı protokol tərtib edilərək vəzifəli şəxs kimi 4.000 manat əsassız yerə cərimə olunmuşdur. Səbəb isə o göstərilmişdir ki, Nazirlər Kabinetinin qaydalarına əsasən Toy mərasimləri üçün nəzərdə tutulan adam sayı 150 nəfərdən ibarətdir və qapalı yerlərdə hər masa üçün 6 nəfər olduğu halda təşkil etdiyi toy məclisində bəzi masa ətrafında 8 nəfər olmasıdır. Guya ki, buna görə də bir masa ətrafında 6 yox, 8 nəfər əyləşdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4.000 manat cərimə olunmuşdur. Halbuki, həmin toy mərasimində qaydalara uyğun 150 nəfər yox, cəmi 122 nəfər iştirak edirdi və bununla da zalda adam sayı az idi. Bununla bağlı polis əməkdaşlarına məlumat versə də, heç bir nəticəsi olmadı və cərimə olundu. Bakı Şəhər Xətai Rayon 34-cü Polis Şöbəsi tərəfindən yazılan inzibati tənbeh vermə haqda qərar ədalətsiz qərardır. Həmin inzibati xəta haqqında iş üzrə protokoldan razı deyildi. Hesab edir ki, həmin protokol hər tərəfli, tam və obyektiv olmadığı için ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 barəsində 22.07.2021-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın mahiyyəti, faktı təsdiq edən sübutlar protokolda qeyd edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamışdır. Heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materialında olan Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti və əməlin nədən ibarət olması qərarda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində protokolda göstərilməli olan bəndlərin dəqiq izahı verilmişdir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən xətanın mahiyyəti göstərilməlidir. İXM-nin 100.1.7-ci maddəyə əsasən barəsində icraat aparılan fiziki şəxsin izahatları alınmalıdır və bu protokolda öz əksini tapmalıdır. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərardan şikayət vermək hüququ və müddəti göstərilməlidir. Qərar vəzifəli şəxs tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta protokolda və qərarda istinad edilməmiş, protokol və qərarda xətanın mahiyyəti göstərilmədən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti qismən təmin edilsin. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 34-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3326/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3326/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver