Məhkəmə qərarları › İş №3(011)-3335/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3335/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3335/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş 19 avqust 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, 14 avqust 2023-cü il tarixdə sürücü Şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində “Opel Astra” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili təkrar sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs izahat verərək bildirmişdir ki, o, törətmiş olduğu əmələ görə özünü tam təqsirli bilir. Hazırda əməlindən peşmandır və yüngül tənbeh təyin edilməsini xahiş edir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, 14 avqust 2023-cü il tarixdə sürücü Şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində “Opel Astra” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili təkrar sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xüsusi texniki vasitənin (alkotester) nəticəsi əks edilmiş çıxarışdan və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitənin istifadəsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində “Opel Astra” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs qanında alkoqolun konsentrasiyasının 1,231 promilli olduğu müəyyən edilmişdir. Sözügedən protokolda sürücü xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmış və tibbi müayinəyə ehtiyac olmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 23 may 2023-cü il tarixdə sürücü Şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində “Opel Astra” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş və ona 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 209 №-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və «sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol, qanuni qüvvəyə minmiş səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar