Məhkəmə qərarları › İş №3(011)-3351/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3351/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3351/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X4, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X2 iştirakları ilə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 19 avqust 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs QSC) Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Toyota Camry» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 bildirdi ki, protokol əsassız tərtib edilmişdir, bu səbəbdən də qanunsuz və əsassızdır. Belə ki, inzibati orqan onların sorğusuna cavab verilməyini bildirsə də, onlar müəssisənin işçisi Hüseynov Tərlan vasitəsilə ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün X3 olmasını bildirmişlər. Belə ki, onlar yol hərəkəti vərəqinə 06.08.2021-ci il tarixdə imza etməklə müvafiq sənədi qəbul etmişlər. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edlməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 göstərdi ki, inzibati orqanın sorğusu şirkətlərinə 05 avqust 2021-ci il tarixdə daxil olmuşdur. Onlar da bu sorğu əsasında həmin tarixdə ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün X3 olması barədə yol hərəkəti vərəqini Sahib adlı şəxsə əlbə-əl formada təqdim etmişlər. Sorğunun cavabının məktub formasında təqdim edilməməsinin səbəbi odur ki, onlar hər zaman müvafiq sorğuları belə cavablandırıblar, lakin onlara sorğunun məhz məktub formasında cavablandırılması gərəkdiyini heç kəs deməmişdir. Düşünür ki, əgər onların cavabında hər hansı bir qüsur var idisə, onlara bu barədə həmin müddət ərzində də məlumat verilə bilərdilər. Odur ki, barələrində tərtib olunmuş protokolla razı deyil. Qeyd edilənlərə əsasən məhkəmədən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X6 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müvafiq sorğusuna zamanında cavab verilmədiyini, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X14 adlı əməkdaşının olmadığını, həmçinin, təqdim edilmiş sənəd natamam olduğunu, sənədi qəbul edən şəxsin adının, soyadının göstərilmədiyini, sorğuya cavab məktubunun mövcud olmadığını, belə bir cavabın şöbəyə daxil olmadığını bildirmiş və qeyd edilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «Toyota Camry» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur; xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 04.08.2021-ci il tarixdə Məhərrəmov soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X7 Təcrübə üzrə baş inspektoru, polis mayoru X11 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 19 avqust 2021-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Toyota Camry» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Şəxs Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı məktubundan və reyestrindən görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş 19 avqust 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol hüquqi şəxs Şəxs QSC-nin hüquqi (ünvan 1 ünvanına göndərilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin 54 nömrəli minik avtomobilləri üçün yol vərəqəsindən görünür ki, «Toyota Camry» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 02.08.2021 tarixdən 31.08.2021-ci il tarixədək Yusubov Ağagül olmuş, yol vərəqəsinə 06.08.2021-ci il tarix yazılaraq imza edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin sorğuya cavab olaraq məhkəməyə təqdim etdiyi yol vərəqinə münasibətdə qeyd edir ki, həmin yol vərəqinin üzərində QSC tərəfindən «Toyota Camry» minik markalı , ** AH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatın təqdim olunması qeyd edilsə də, həmin yol vərəqinin Bakı şəhəri Xətai rayon DYPŞ-yə ünvanlandığını təsdiq edən müşayiət məktubu və ya həmin yol vərəqinin məhz Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. QSC-nin nümayəndəsi yol vərəqəsini Sahib adlı şəxsə təqdim etməsini demiş, inzibati orqanının nümayəndəsi Bakı şəhəri Xətai rayon DYPŞ-ndə Sahib adlı şəxsin işləmədiyini bildirmişdir. Həmçinin, yol vərəqəsində 06.08.2021-ci il tarix yazılaraq imza edilmiş, imza edən şəxsin kim olması – ad, soyad və.s göstərilməmiş, yol vərəqəsinin Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı qeyd olmamışdır. Bu səbəbdən məhkəmə QSC-nin nümayəndələrinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs QSC-nə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Şəxs QSC tərəfindən 04.08.2021-ci il tarixdə qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs QSC İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar