Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3358/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ə məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2B saylı binanın yaxınlığında yerləşən aptekdə dövlət qeydiyyatı tələb olunan dərmanların dövlət qeydiyyatı olmadan satışı və saxlanması faktı aşkar edilmişdir. Buna görə də Şəxs MMC barəsində 09 avqust 2021-ci il tarixli MN ******* nörməli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X4 PHŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X4 PHŞ-nin baş direktoru X5 tərəfindən tərtib edilən 09 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında protokol”dan görünür ki, Şəxs MMC-nin tərəfindən dövlət qeydiyyatı olmadan satıldığı və satış məqsədi ilə alındığı iddia olunan dərmanların "xxxx" şirkətindən alınaraq satışa çıxaırılması qeyd olunmuşdur. Yuxarıda göstərilən inzibati xəta haqqında protokolun məzmunundan, eləcə də istinad olunan hüquq normasından görünür ki, “X4” PHŞ tərəfindən yalnız sözügedən maddənin dispozisiyasında təsbit olunan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı və satışı məqsədi ilə saxlanmasına görə Şəxs MMC barəsində inzibati xəta üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikasında dərman və tibb vasitələri ilə davranışın hüquqi-təşkilati əsaslarını, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli, 208-111Q №-li Qanunun 6.1-ci maddəsinin tələbinə görə bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin 1) Azərbaycan Respublikasına idxalına 2) Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “X4” PHŞ-nin Şəxs MMC-yə məxsus yuxarıda sözügedən aptekdə aşkar etdiyi dərman vasitələri nə Şəxs MMC tərəfindən istehsal edilməmiş, nə də ki bu dərman vasitələri Şəxs MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmamışdır. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda sözügedən müddəasında nəzərdə tutulan dövlət qeydiyyatına alınmasının təmin edilməsi vəzifəsi dərman vasitələrini Azərbaycan Respublikasınmı ərazisinə idxal edən şəxsə (hüquqi və ya fiziki şəxs) və ya dərman vasitəsini Azərbaycan Respublikasının ərazisində istehsal edən şəxsə aiddir. Belə olan təqdirdə Şəxs MMC-nin sözügedən dərman vasitələrinin dövlət qeydiyyatına aldırmaq kimi bir vəzifəsi, öhdəliyi olmamışdır. Hazırkı vəsatətə əlavə edilən müvafiq sənədlərdən, xüsusən də Şəxs MMC ilə arasında bağlanmış 12 mart 2021-ci il tarixli, 12/03/21-03 saylı müqavilədən və elektron qaimələrdən görünür ki, “X4” PHŞ-nin dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədiyini iddia etdiyi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati xəta üzrə icraatın başlanmasına əsas olmuş dərman vasitələri Şəxs MMC tərəfindən "xxxx" MMC-dən alınaraq Şəxs MMC-yə məxsus aptekdə satılmış, eləcə də satış üçün saxlanmışdır. Digər tərəfdən yuxarıda sözügedən dərman vasitələrinin Azərbaycan Respublikasına idxal etmiş şəxs tərəfindən, hətta bu dərman vasitələrinin dövlət qeydiyyatından keçirilməməsi Şəxs MMC-nin bu və ya digər məsuliyyətə cəlb olunmasına əsas ola bilməz. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi Şəxs MMC müvafiq müqavilə ilə qanuni əsaslarla "xxxx" MMC-dən aldığı dərman vasitələrinin özünə məxsus aptekdə satışının həyata keçirmişdir ki, bununla da heç bir, xüsusən də Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsində təsbit olunan inzibati xətanı törətməmişdir. buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından məlum olur ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-ə məxsus obyektdə 09.08.2021-09.08.2021-ci il tarixdə plan üzrə yoxlama keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 22 iyul 2021-ci il tarixdə KY211591928 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi X4nin baş direktoru X3 314 nömrəli 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2B saylı binanın yaxınlığında yerləşən Şəxs MMC-ə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanması məqsədilə planlı (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli 332 nömrəli yoxlama aktından görünür ki, yoxlama zamanı 10 müxtəlif dərmanın dövlət qeydiyyatı olmadan satışı və saxlanması faktı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş 12 mart 2021-ci il tarixli 12/03/21/03 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC və alıcı Şəxs MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcıya təqdim edilən dərman vasitələrinin və digər malların keyfiyyəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş EBBF seriyalı 569023 nömrəli, EBBE seriyalı 364145 nömrəli və EBBD seriyalı 645974 nömrəli elektron qaimələrdən görünür ki, “Sulfokamfokain”, “Augmentin”, “Ventolin” və digər dərman vasitələri "xxxx" MMC-dən alınmışdır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səhiyyə Nazirliyi X4 tərəfindən aparılan yoxlama zamanı aşkar edilmiş dərman preparatlarını dövlət qeydiyyatından keçirilməsi Şəxs MMC-nin yox, həmin dərman preparatlarını aldığı və onları idxal edən ,topdan satışını təşkil edən "xxxx" MMC-nin vəzifəsidir. Həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçirilməməsinə görə Şəxs MMC məsuliyyət daşımır.Belə ki, həmin dərmanları ölkəyə idxal etməmiş və ölkədə istehsal etməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 221.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3358/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3358/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver