Məhkəmə qərarları › İş №3(011)-3358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3358/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3358/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin İXP seriyalı 48117880 saylı xx.xx.2022-ci il tarixli protokolun və həmin protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi “Vaz 21703” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX inspektoru Elnur Ziyadov onu saxladaraq avtomobilin cərimə meydançasına gedəcəyini, ona İXMnin 342.2.3-cü maddəsilə protokol yazılacağını bildirmişdir. O, buna qəti olaraq etiraz etmiş və avtomobilə zavod istehsalı olan yayların quraşdırıldığını və sertifikatın olduğunu bildirmişdir. O, buna məhəl qoymayaraq, avtomobilini heç bir yerdə ekspertizadan keçirmədən, ümumiyyətlə vizual baxışla pozuntunun olduğunu müəyyən edib duracağa yerləşdirmişdir. Bundan sonra o, SMS-radar vasitəsilə görmüşdür ki, İXM-nin 342.2.3-cü maddəsilə protokol yazılmış, lakin qərar verilməmişdir. xx.xx.2022-ci il tarixinə qədər Bakı şəhər DYPİ-nə getsə də, həmin protokol əsasında heç bir qərar tərtib edilməmişdir. Məhz həmin tarixdə, yəni 9 gündən sonra onlar yenə də heç bir yoxlanış keçirmədən, ekspertiza edilmədən qanunsuz və əsassız qərar vermişlər və o, həmin maddə ilə 150 manat cərimə edilmişdir. O, avtomobilinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan heç bir dəyişiklik etməmişdir. Ona yazılmış protokol və onun əsasında olan qərar tam qanunsuz və əsassızdır, heç bir mötəbər sübuta əsaslanmır. Ona görə də həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X5 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, gömrük ittifaqı tərəfindən verilmiş uyğunluq sertifikatına əsasən “Lada Priora” markalı avtomobillər üçün teleskopik qabaq asma dayaqlarının AСП-70-90 və teleskopik arxa asmaların amortizatorlarının АС3-70-90 gücündə müəyyən edilməsinə baxmayaraq, həmin xüsusat polis əməkdaşları tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X8 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X8 İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 14:16-da ünvan 1 ünvanında idarə etdiyi “Vaz 21703 minik” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Gömrük İttifaqı tərəfindən verilmiş TC RU C-RU.OC13.B.02398 nömrəli uyğunluq sertifikatına əlavədən görünür ki, “Lada Priora” markalı avtomobillər üçün teleskopik qabaq asma dayaqları AСП-70-90 və teleskopik arxa asmaların amortizatorları АС3-70-90 gücündə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* qərarla X2 İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən onun inzibati icraatın aparılmasında iştirakı təmin edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla ona 150 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmçinin, gömrük ittifaqı tərəfindən verilmiş uyğunluq sertifikatına əsasən “Lada Priora” markalı avtomobillər üçün teleskopik qabaq asma dayaqlarının AСП-70-90 və teleskopik arxa asmaların amortizatorlarının АС3-70-90 gücündə müəyyən edilməsinə baxmayaraq, həmin xüsusat polis əməkdaşları tərəfindən araşdırılmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar