Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-336/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Camal Qurbanov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Camal Qurbanov tərəfindən Şəxs barəsində 04 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, X4 ilə 12 ildir ki, evlidir və bu evlilikdən 2 azyaşlı övladları vardır. Polad Həşimov küçəsində yerləşən 51 saylı ünvanda birlikdə yaşayırlar. Bu müddət ərzində Aysellə aralarında hər-hansı mübahisə almamışdır. Lakin Ayselin anası onların ailə işlərinə müdaxilə etmiş və bu səbəbdən də Aysellə aralarında mübahisə baş verən kimi valideynlərə məxsus olan evə gedərək evi tərk etmişdir. 21 dekabr 2022-ci il tarixdə aralarında mübahisə baş vermiş və mübahisə baş verdikdən sonra işə getmişdir. Lakin həmin mübahisə olan zaman və ya həmin günü Ayselə heç bir əli dəyməmiş və onu döyməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X4 izahatında bildirdi ki, Elnur Rəhimovla 12 ildir ki, evlidir və nikahdan 2 övladları vardır. X6 küçəsində yerləşən 51 saylı evdə birlikdə yaşamışlar. 21 dekabr 2021-ci il tarixdə Elnurla mübahisə baş vermişdir. Mübahisə zəminində Elnur onun saçından tutaraq divara vurmuş və təhqir edərək getmişdir. Həmin hadisədən sonra o, evdən getmişdir. Daha sonra onun başında ağrılar başlamış və bundan sonra o, polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Camal Qurbanov yuxarıda göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Sənan Süleymanlı tərəfindən qəbul edilmiş 21 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 35-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, məhkəmə tibbi ekspertizasının 1277 saylı 25 dekabr 2021-ci il tarixli rəyində X1 gicgah nahiyyəsinin qançırı müəyyən edilmiş, xəsarət bərk-küt əşyanın təsirindən törədilmiş, dərəcəsi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-336/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-336/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver