Məhkəmə qərarları › İş №3(011)-3360/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3360/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3360/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1995-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab Ərazi Dairəsi, Sirab kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 avqust 2024-cü il tarixdə saat 21:00 radələrində M.Hadi küçəsində içkili vəziyyətdə ictimai qaydanı pozmuş, bundan başqa onu nizam-intizama dəvət edən polis əməkdaşlarına da nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X1 tərəfindən 06 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 06 avqust 2024-cü il tarixdə təxmini saat 21:00 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən bilyard salonunda bilyard oynamağa getmişdir. Orada ayaqyolundan istifadə etmək istəmiş və oranın natəmizliyinə görə xadiməyə iradını bildirmişdir. Xadimə ondan oranı təmizləməyə görə 10 manat pul istəmişdir. Bundan sonra xadimə ilə onun arasında söz mübahisəsi yaranmışdır. Daha sonra oranın rəhbəri gəlmiş, mübahisə onunla davam etmişdir. Həmin vaxt adını bilmədiyi 4-5 nəfər polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları xadimədən ondan şikayətçi olub-olmamasını soruşmuşlar, xadimə isə ondan şikayətçi olmadığını bildirmişdir. Daha sonra isə onu 36-cı Polis Şöbəsinə aparmışlar. O polisə heç bir tabesizlik etməmişdir. Sadəcə olaraq onlara onu tutmamağı, özünün könüllü gedəcəyini bildirmişdir. Odur ki, onun barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X1 izahatında göstərdi ki, 05 avqust 2024-cü il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən M.Hadi küçəsində yerləşən massaj salonuna yaxınlaşmışlar və bir nəfər şəxsin içkili vəziyyətdə massaj salonunu dağıtdığının şahidi olmuşlar və onun qarşısını almağa çalışdıqda isə onlara müqavimət göstərərək nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları həmin şəxsi dərhal 36-cı Polis Şöbəsinə gətirmişlər. PŞ-də həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Nəticədə həmin şəxs barəsində 06 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı və 06 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 05 avqust 2024-cü il tarixdə Xətai rayonu ərazisində içkili vəziyyətdə ucadan yüksək səslə nalayiq ifadələr işlədədərək ictimai qaydanı pozub, xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 05 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2024-cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran hal kimi içkili olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar