Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-337/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Bərdə rayonu, Əyricə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov qəsəbəsi, nömrəsiz evdə kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 01 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “Rahat” marketdən Əliməmmədli Fəridəyə məxsus olan gödəkçəni gizli yolla oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, özü 3 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 91 ünvanında yerləşən “Rahat” marketin qarşısında avtomobillərin park olunması xidməti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində “Rahat” marketin içərisində olan zaman, marketdə yüklər üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə qadın paltosu görmüş və bir qədər gözlədikdən sonra paltonu sahibsiz bilib paltonu dəmir şkafdan götürmüşdür. Bu əməli 13 yaşlı nəvəsi məktəbə paltosuz gedib gəldiyi üçün törətmişdir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, “Full enerji şirkətində” merçendayzer kimi çalışır. xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 91 ünvanında yerləşən “Rahat” marketə gələrək, marketin içərisində, giriş hissədə olan yüklər üçün nəzərdə tutulmuş şkafa üst geyimini qoyub qapıları açıq vəziyyətdə marketdə rəflərə “Full” enerji içkisini yığmaq üçün getmişdir. Həmin gün saat 17:00 radələrində “Rahat” marketdən işdən çıxan zaman şkafa qoyduğu paltosunun yerində olmadığını aşkar etmişdir. Paltosunun oğurlanması nəticəsində ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, o, Şəxs ilə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 izahat verərək göstərmişdir ki, Şəxs 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 91 ünvanında yerləşən “Rahat” marketdən Əliməmmədli Fəridəyə məxsus olan gödəkçəni gizli olaraq talamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 01 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Fəri Abbasov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur və onun İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş 01 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 91 ünvanında yerləşən “Rahat” marketdən Əliməmmədli Fəridəyə məxsus olan gödəkçəni taladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 28.4.5-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadın və kişilərə ictimai işlər tətbiq oluna bilməz; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama əməlinin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-337/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-337/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver