Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3373/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində saat 17:05 radələrində Gəncə prospekti Fəridə şadlıq sarayının qarşısında “VAZ 21214” minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda olarkən nəqliyyat vasitəsində nasazlıq yaranmış və idarəetməni itirdiyini hiss etdiyi üçün yolun orta zolağından sağ zolağa keçmək məcburiyyətində qalmışdır. Həmin zolaq ictimai nəqliyyat vasitələri üçün ayrılmış zolaq olduğundan müşahidə kameraları vasitəsi ilə ona protokol tərtib edilmişdir. Digər avtomobillərin hərəkətinə maneə yaratmamaq üçün avtomobili yolun orta zolağında deyil sağ zolaqda saxlamışdır. Daha sonra isə avtomobili itələyərək qarşıdakı parklanma yerində müvəqqəti saxlamışdır. Odur ki, inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməyi əsassız olmuşdur, ona görə bu barədə qərar ləğv olunmaqla onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, avtomobili ilə hərəkətdə olarkən anidən mühərrik sönmüş və ətrafda avtomobil üçün parklanma yeri olmadığından məcbur qalaraq qəza işıqlarını yandıraraq öz ətaləti ilə gedən avtomobili sağ zolağa yəni, ictimai nəqliyyat üçün ayrılmış zolağa keçərək avtomobili dayandırmışdır. Odur ki, şikayətin təmin olunması və barəsində tərtib edilmiş 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:05-də «VAZ 21214» minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 53.1.11-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3373/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3373/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver