Məhkəmə qərarları › İş №3(011)-3375/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3375/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3375/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ tərəfindən EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 27624216 nömrəli inzibati protokol əsasında tətbiq olunmuş 100 manat məbləğində cərimənin ləğv edilməsini və şikayətinin təmin olunaraq haqsız yerə tətbiq olunmuş bu qərarın hüquqi baxımdan qüvvədən salınmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçiyə qarşı xx.xx.2025-ci il tarixində 17:27 saatda Baş Dövlət Yol Polisi İdarəsinin qərarı ilə EQ 27624216 nömrəli inzibati protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 5.9. 5.10.1-50.10.3 maddəsi üzrə 100 manat olmaqla cərimə tətbiq olunmuşdur. Hadisə Bakı şəhəri, Zivər bəy Əhmədbəyov küçəsində baş vermişdir. Qeyd olunan ünvanda hərəkət etdiyi zaman onun hər hansı qəsdli və ya yol hərəkəti qaydalarını pozan hərəkəti olmamışdır. Əksinə, yolun həmin hissəsində nişanlanma vəziyyəti sürücülər üçün tam aydın deyildi: əvvəllər çəkilmiş bütöv zolaq pozulmuş, lakin onun izləri qalmaqda davam edir və üzərindən sonradan qırıq xətt çəkilmişdir. Bu cür üst-üstə düşən nişanlar sürücülərdə çaşqınlıq yaradır və texniki baxımdan standartlara uyğun hesab edilə bilməz. Hadisə anını əks etdirən video material və ondan götürülmüş şəkillər sübut edir ki, zolaq işarələri bir-birini tamamlamır, əksinə, ziddiyyət təşkil edir və yol hərəkəti iştirakçısının düzgün qərar verməsini çətinləşdirir. Bu vəziyyət "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, həmçinin "Avtomobil yollarında nişanların tətbiqi və nişanlanma standartları”na ziddir. Həmin qaydalarda sürücünün təhlükəsiz və dəqiq qərar verməsi üçün yol nişanlarının aydın və oxunaqlı olması xüsusi vurğulanır. Eyni tipli zolaq nişanları Bakı şəhərinin digər küçələrində, o cümlədən Neftçilər prospektində və Mehdi Hüseyn küçəsində də mövcuddur. Həmin ərazilərdə analoji vəziyyət müşahidə olunsa da, həmin istiqamətlərdə inzibati cərimələr tətbiq edilmir. Bu da cərimə tədbirlərinin seçici və qeyri-obyektiv şəkildə tətbiq olunduğunu göstərir. Belə hal qanunçuluq prinsipinə və hüquqi bərabərlik prinsipinə ziddir. Qeyd olunan halları nəzərə alaraq, şikayətçiyə tətbiq edilmiş inzibati məsuliyyətin əsassız və ədalətsiz olduğu qənaətindədir. Bu cür texniki qüsur şəraitində qeydə alınmış cərimə sürücülərə qarşı obyektivlik prinsipini pozur və hüquqlarının pozulmasına səbəb olur. Daha sonra şikayətçi ərizə ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, videogörüntünü təqdim edərək qayda pozuntusuna yol vermədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Mıtsubıshı Pajero minik markalı avtomobilin sürücüsü Ramil Rəhimov 28 aprel 2025-ci il tarixində saat 17:27 radələrində Bakı şəhəri, Zivər bəy Əhmədbəyov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa daxil olaraq həmin zolaqla hərəkət edərək 5.9 yol nişanının tələbini pozaraq inzibati xəta törətmişdir. Göründüyü kimi Ramil Rəhimov öz şikayətində zolaq işarələrin standarta uyğun olmaması səbəbilə qərarın ləğv edilməsini xahiş etmiş, lakin bu əsasla İXM-də qərarın ləğv edilməsi üçün əsaslar nəzərdə tutulmamışdır. Belə ki, Yol hərəkəti haqqında AR-nın Qanununun 48-ci maddəsinin İV-cü hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Şərh olunanlara əsasən Ramil Rəhimovun şikayəti əsassız olduğundan şikayətin təmin edilmədən onun barəsində qəbul edilmiş EQ 27624216 nömrəli elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülmüş məlumat əsasında EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:27-də “Mitsubishi Pajero” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə tərəfindən xətanın törədildiyi ünvanda zolaqlama nişanlarının olubolmaması barədə məlumatın təqdim edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərilmiş, sorğuya cavab olaraq agentliyin məktubundan görünür ki, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsində yerin asfalt örtüyü 1.1, 1.5 və 1.11 nişanlama xətləri ilə işarələnmişdir. Eyni zamanda, həmin küçədə 5.9 yol nişanı ilə işarələnməklə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN BDYPİ tərəfindən EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 17:27-də “Mitsubishi Pajero” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları və təqdim edilmiş videogörüntü əsasında müəyyən edilmişdir ki, şikayətçi yola daxil olaraq ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş sağ zolaqda hərəkət etmişdir. Məhkəmə araşdırması zamanı BDYP-nin nümayəndəsi yolun düzünə xətlə nişanlanmasını və o xətti keçməyin qadağan edildiyini bildirsə də təhlil edilmiş videogörüntüdən müəyyən olunur ki, istinad edilən yolda qırıqqırıq xətt olduğu görsənir və düzünə xəttin olmasını açıq şəkildə müşahidə etmək mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, DİN BDYPİ tərəfindən EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN BDYPİ tərəfindən EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN BDYPİ tərəfindən EQ 27624216 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar