Məhkəmə qərarları › İş №3(011)-3382/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3382/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3382/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, DİN BDYPİ-nin 10 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat – 3 bal cərimə edilmişdir. **-LC-*** nömrəli dövlət qeydiyyat nişanlı Nissan Patrol minik markalı avtomobili həmin vaxt o idarə etmişdir. Həmin vaxt Rüstəm Rüstəmov küçəsindən Neftçilər metrosu istiqamətində hərəkətdə olan zaman yeni qoyulmuş işıqforu ani bir anda görmüş və avtomobili saxlamaq istəyəndə arxada gələn avtomobilin sürətli olduğunu, avtomobili saxlayacağı təqdirdə qəza baş verəcəyini başa düşmüş və onun avtomobilinin arxasından gələn avtomobil ilə baş verə biləcək qəzanın qarşısını almaq üçün, kəskin əyləcləməmək üçün işıqforun sarı işığında keçmək məcburiyyətində qalmışdır. İşıqforun sarı işığında keçərkən heç bir təhlükəli vəziyyət yaratmamışdır. Odur ki, barəsində qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP6606650 saylı inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixində, saat 17:24-də Bakı, Rüstəm Rüstəmov 29 ərazisində NİSSAN PATROL minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində AR-nın İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar