Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3398/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ-nin EQ 27042462 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 27042462 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə şikayətçi etibarnamə əsasında idarə etdiyi "KİA SPORTAGE" markalı **-AS-*** d.q.n. avtomobillə, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindən Gəncə prospektinə dönmə əməliyyatı edərək avtobus zolağına çıxmağı səbənindən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokol ona "SMS Radar" vasitəsi ilə elektron qaydada daxil olmuşdur. Tərtib olunan protokol və qərar ilə qətiyyən razı deyildir. Hesab edir ki, heç bir qayda pozmamışdır. Qeyd etdikləri isə yazılı şikayəti və fotoşəkillər vasitəsi ilə öz əksini tapacaqdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsindən Gəncə prospektinə dönmə əməliyyatı edən bütün nəqliyyat vasitələri yeni çəkilmiş avtobus zolağına keçərək dönmək məcburiyyətində olur. Sürücü dönmə zamanı avtobus zolağına keçmədən, birbaşa ikinci zolağa keçərsə, onda digər hərəkət iştirakçılarına təhlükə yaratmalı olur. Yəni nəqliyyat vasitələri avtobus zolağı ilə hərəkət etmir, o zolağa dönüb daha sonra zolağını dəyişərək hərəkətini davam edir. Gün ərzində, həmin küçədə və ümümiyyətlə Bakı şəhərində şikayətçi kimi minlərlə digər şəxs dönmə əməliyyatını edərək məcbur olub avtobus zolağını tapdalayır. Maddədən göründüyü kimi inzibati xətanı törətmiş şəxs "5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə" cərimələnməlidir. Yalnız qərəzli şəkildə hərəkət edən şəxs qayda pozmuş hesab edilir. Şikayətçinin əməlində isə həmin əməlin inzibati tərkibi mövcud deyildir. Şikayətçi dönərək zolağını dəyişib hərəkətini davam etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Əflatun Musayev 31 mart 2025-ci il tarixində saat 18:53-radələrində Bakı şəhəri Gəncə prospekti Fəridə Şadlıq sarayının qarşısında idarə etdiyi KİA SPORTAGE minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa çıxaraq hərəkət etmişdir. Şikayətində qeyd olunanlar yalnız özünü müdafiə etmək məqsədi güdür həmin qayda pozuntusu xüsusi texniki vasitə ilə aşkar edilərək rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X3 şikayəti əsassız olduğundan təmin etmədən barəsində qəbul edilmiş EQ 27042462 nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin Mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında EQ 27042462 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 18:53-də “Kia Sportage” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında EQ 27042462 saylı protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 18:53-də “Kia Sportage” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı şikayətçinin təqdim etdiyi videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, şikayətçi orta zolaqda hərəkətdə olarkən ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş sağ zolağa keçmişdir. Bu zaman o, digər nəqliyyat vasitələrinə maneə törətmədən qırıq-qırıq xətti kəsib digər zolağa daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, DİN BDYPİ-nin EQ 27042462 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN BDYPİ-nin EQ 27042462 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN BDYPİ-nin EQ 27042462 saylı protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-3398/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3398/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver