Məhkəmə qərarları › İş №3(011)-3412/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3412/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3412/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 və onun nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X1 Bakı şəhər X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “BMW 3351” modelli **- EP-*** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsi ilə yorğun olduğundan ayıq sürücü xidmətindən istifadə etməklə avtomaşınını idarə etməsi üçün dəvət etmişdir. Sürücü gələrək tərəfindən onun sürücülük vəsiqəsinə baxdıqdan sonra açarları ona verərək sərnişin tərəfdə əyləşərək yollarına davam etmişlər. Saat təxminən 23:00 radələrində sürücü onu faktiki yaşadığı Xətai rayonu, 8 noyabr prospekti, H.Aslanov qəsəbəsi, Rövşən Hüseynov küçəsindəki 3 saylı evin qarşısında saxlamışdır. Sürücü çıxıb gedərkən qəfil Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı avtomaşınını saxlayaraq ona yaxınlaşmışdır. Ona avtomaşını idarə etməsini bildirmiş və nəqliyyat vasitəsinin sənədlərini istəmişdir. O, ona bildirəndə ki, avtomaşını digər sürücü sürərək onu yaşadığı evə gətirib, polis kapitanı X7 buna məhəl qoymayaraq avtomaşını cərimə duracağına aparacağını, onu isə sərxoşluğun tibbi müayinəsindən keçirəcəyini bildirmişdir. Polis kapitanının bu tələbi qanunsuz olsa da o, tələblə razılaşmaq məcburiyyətində qalaraq onlarla birlikdə müvəqqəti cərimə duracağına getmişdir. Avtomaşını duracağa qoyduqdan sonra o, sərxoşluğun tibbi müayinəsindən keçmək üçün gedəcəklərini soruşanda sonuncu ona bildirmişdir ki, "ehtiyac yoxdur sabah şəhər qaisinə gələrək 404 otağa yaxınlaşarsan, məsələni orda həll edərsən". O, buna etiraz etdikdə və tibbi müayinənin keçirilməsini tələb etdikdə sonuncu xidməti maşınına əyləşərək ərazini tərk etmişdir. O isə məcburiyyət qarşısında qalaraq evə gəlmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə gedərək polis müfəttişinin dediyi otağa yaxınlaşmışdır. Otaqda ona bildirmişlər ki, 700 manat pul ödəməlidir ki, onun maşınını buraxsınlar və ona da cərimə yazmasınlar. O, hadisəni onlara danışdıqdan sonra onlar ona bildirmişlər ki, onlar plan verirlər və müvafiq yoxlama apardıqdan sonra, yəni polis kapitanı ilə telefonla danışdıqdan sonra bildirmişlər ki, 400 manat ödəsin. Tərəfindən ona yazılmış protokolun qanunsuz və əsassız olduğunu bildirdikdə onlar ona bildirmişlər ki, sən içkili olmusan polis müfəttişi də səni saxlamışdır. Lakin onun içkili olmağını ona əsaslandırıb sübut edə bilməmişlər, ona hədə-qorxu gələrək onun sənədini məhkəməyə göndərəcəklərini bildirmişlər. Lakin sənədlərini məhkəməyə göndərməmişlər. Haqlı tələblərinə məhəl qoymayaraq ona 400 manat inzibati cərimə yazaraq onu ödəməyini bildirmişlər. O isə qərarı götürərək ondan şikayət edəcəyini bildirmişdir. İlk öncə ona şikayət verməməyini zəng edərək bildirmişlər. O isə haqlı mövqeyindən çıxış edərək qərarı məhkəmə qaydasında mübahisələndirəcəyini ona zəng edən şəxsə bildirmişdir. Hal-hazırda da qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Nazirlər Kabineti 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin yeni qaydalarını təsdiq etmişdir. Bu qaydalar çoxdan qəbul edilməli idi, çünki bugünədək sürücülərin sərxoşluğu sovet dövründən qalan qaydalar üzrə müəyyən edilirdi. Sürücünün sərxoşluğunun müəyyən edilməsinin yeni qaydaları əvvəlki qaydalardan ciddi surətdə fərqlənməsə də, bir neçə yenilik də vardır. Yeni qaydalar inzibati Xətalar Məcəlləsinin (İXM) müəyyən etdiyi ümumi müddəalardan çıxış edərək sərxoşluğun müəyyən edilməsinin iki fərqli prosedurunu müəyyən edir: 1) sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; 2) sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Polis müfəttişi bu halların heç birini aparmamışdır. Belə ki, sərxoşluğun müayinəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına tam riayət edilməklə keçirilməlidir. Məcəllənin tələbinə əsasən, sərxoşluq ən azı 2 hal şahidinin iştirakı ilə müayinə edilməlidir, sürücünü tibbi müayinəyə göndərməzdən əvvəl bu barədə ayrıca protokol tərtib edilməlidir, tibbi müayinənin nəticələri xüsusi aktla rəsmiləşdirilməlidir. Bu qaydaların pozulması sərxoşluğun müayinəsinin nəticələrini etibarsız saymaq üçün əsasdır. Habelə sərxoşluğun müayinəsindən boyun qaçırma qadağandır. Əgər boyun qaçırma cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətmiş sürücü tərəfindən edilərsə, həmin sürücü Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilən qaydada məcburi olaraq tibbi müayinədən keçiriləcəkdir. Lakin baxmayaraq ki, o, özü təklif etmişdir ki, onu müayinədən keçirsinlər, lakin polis müfəttişi buna məhəl qoymayaraq yuxarıda qeyd etdiyi kimi, xidməti avtomaşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Aşağıdakı qanunvericiliyin tələblərinə əsasən barəsində tərtib edilmiş qanunsuz inzibati qərarın qanunvericilik normasına zidd olmasını qeyd edir. Polis kapitanının barəsində qanunsuz cərimə qərarını yazması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş şərhə tamamilə ziddir. Ona görə də barəsində tərtib edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnspektorun barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında Polis kapitanının barəmdə qanunsuz cərimə qərarının yazılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş şərhə tamamilə ziddir. Ona görə də barəmdə tərtib edilmiş qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnspektorun barəsində tərtib etdiyi inzibati tənbehvermə haqqında qərarı əsassızdır. Bunun üçün məhkəmə qərarına əsasən ləğv edilməlidir. Polis müşəttişinin özünü təqdim etməməsi, onu hansı səbəbdən saxlaması barədə məlumatın verilməməsi və öz qulluq mövqeyindən istifadə edərək əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Polis müfəttişi qərar qəbul edərkən işin hallarını kifayət qədər araşdırmamışdır. Məhkəmə iclasında X2 və onun nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatları təsdiqləyərək şikayət ərizəsinin təmin olunmasını və Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişlər. Həmçinin, X2 əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “BMW 3351” modelli **- EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ayıq sürücü idarə etmişdir. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, onlardan barəsində tərtib edilmiş protokolu tələb etdikdə ona bildirmişlər ki, gəl məsələni burda həll edək. O, polis zabitinin tələbi ilə razılaşmayaraq protokolun surətini tələb etmişdir. Ona protokol tərtib edilərək verilmiş və sənədlərini məhkəməyə göndərəcəklərini bildirmişlər. Lakin hadisədən qanunvericilik baxımından nəzərdə tutulmuş vaxt keçdiyindən və onun sənədlərini məhkəməyə göndərmədikləri üçün özü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, ayıq sürücü xidmətində fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə X6 ayıq sürücü xidmətindən istifadə etmiş və o, Ü.Quliyevə məxsus “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək sonuncunu yaşadığı ünvana aparmış, daha sonra isə çıxıb getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X14 İdarəsinin polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixində, saat 00:01-də Xətai rayonu, F.Ramazanov küçəsində “BMW 3351 minik” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Üzeyir Quliyevin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X14 İdarəsinin polis polkovniki X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixində, saat 00:01-də Xətai rayonu, F.Ramazanov küçəsində “BMW 3351 minik” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ayıq sürücü idarə etmişdir. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, həmin tarixdə “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ayıq sürücü tərəfindən idarə edilməsi faktı məhkəmə iclasında şahid qismində dindirilmiş X5 tərəfindən bir daha təsdiq olunmuşdur. Bundan başqa, səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində “BMW 3351” modelli **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X6 tərəfindən sərxoş halda idarə edilməsini təsdiq edən sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktı və ya onun sərxoş olmasını göstərən xüusi texniki vasitənin göstəricisi, habelə hadisə zamanı qeydə alınmış videogörüntülər, barəsində inzibati iş üzrə icraat şəxsin izahatı məhkəməyə təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar