Məhkəmə qərarları › İş №3(011)-3412/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3412/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3412/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5357/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən MN ******* nömrəli, 07 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5357/2022 saylı icra sənədinə əsasən, tələbkara ödəməli olan 2300 manatın ödənilməsi tələb edilmişdir. Lakin Şəxs borcunu ödəyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5357/2022 saylı icra sənədinə əsasən, tələbkara 2300 manat ödəməlidir. O borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5357/2022 saylı icra sənədinə əsasən Şəxs "xxxx" MMC-yə 2300 manat ödəməlidir. Hazırda onlar Şəxs ilə razılığa gəlmişlər. Şəxs 12 avqust 2024-cü il tarixə qədər "xxxx" MMC-nin hesabına 500 manat və hər ay 300 manat ödəniş edəcək. Göstərilənlərə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(011)- 5357/2022 saylı icra sənədindən görünür ki, kiçik iddiaya dair ərizə təmin edilmiş, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilə üzrə 686 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilə üzrə 2456 manat ödənilməmiş hissə, 245 manat dəbbə pulu olmaqla, cəmi 3455 (üç min dörd yüz əlli be: manat borc və ödənilmiş 54,55 (əlli dörd manat 55 qəpik) manat dövlət rüsumu iddiaçı "ABC TELECOM MMC-nin xeyrinə tutulması qət edilmişdir. Xətai rayon İcra şöbəsinin 25 yanvar 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Xətai rayon İcra şöbəsinin 25 yanvar 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Xətai rayon İcra şöbəsinin icra ödənişinin alınması haqqında 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, borclu Şəxs 246 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. "xxxx" MMC-nin MilliÖn elektron ödəmə sisteminin 18 sentyabr 2023-cü il tarixli qəbzindən görünür ki, Şəxs tərəfindən “Kontakt Home”-un hesabına 200 AZN məbləğində pul köçürülmüşdür. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, onlar borclu Şəxs ilə razılığa gəlmişlər ki, o, 12 avqust 2024-cü il tarixə qədər 500 AZN məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəyəcək və hər ay 300 AZN ödəniş edəcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində qərəz olmadığından inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar