Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3419/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X1 müdafiəçisi X3 iştirakı ilə, X1 Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai RPİ-nin 37-ci PB-nin rəisi X4 tərəfindən 01 dekabr 2020-ci il tarixdə barəsində qəbul edilmiş MN ******* saylı 01 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada küçəsində yerləşən «Safely» gözəllik salonunda 01 dekabr 2020-ci il tarixdə saat 12:48-də karantin rejim qaydalarını pozmuşdu. Buna görə də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Aşağıdakılara görə hesab edir ki, Xətai RPİ-nin 37-ci PB-nin rəisi X8, oğlu tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 01 dekabr 2020-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar maddi və prosessual hüquq pozuntularla qəbul olunduğundan tamamilə əsassızdır, ona görə də ləğv olunmalı, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə inzibati icraata isə xitam verilməlidir. Belə ki, tərtib olunmuş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, 01 dekabr 2020-ci il tarixi saat 12:48 istər günü baxımından, istərsə vaxt baxımından «COVİD-19» pandemiya ilə bağlı Bakı şəhərinin inzibati ərazisində elan olunmuş karantin rejimi ilə əlaqəli tətbiq olunan məhdudiyyətlər dairəsinə düşmür. Həmin günü həftənin ikinci günü (çərşənbə axşamı) olmaqla istirahət günlərinə aid deyil (yəni iş günü olmuş), saat 12:48 isə nə karantinlə bağlı, nə də ki müharibə vəziyyətlə bağlı komendant vaxtlarına da aid deyildi. Bununla yanaşı nəzərə çatdırmışdır ki, həmin tarixdə və vaxtda «Safely» gözəllik salonunda ümumiyyətlə olmamışdır, Bakı şəhərinin «Gənclik» metrosunun yaxınlığında idi və salona polis əməkdaşları tərəfindən telefon zəngi vasitəsi ilə edilən çağırışa gəlmişdi. Belə olan halda hər hansı karantin rejimin məhz onun tərəfindən pozulmasından söhbət gedə bilməz. Salona gəldikdə isə ona məlum olmuşdur ki, 37-ci PB-nin rəisi X4 yeddi-səkkiz nəfərlə birlikdə yoxluğunda «Safely» gözəllik salonuna gələrək, hər hansı akt tərtib etmədən, videoçəkiliş aparmadan ustalardan birinin tibbi maskalardan (dövründə fərdi qoruyucu vasitələrdən) istifadə etməməsini bəhanə edərək, həmin ustalardan və salonda olan digər şəxslərin şahid qismində heç bir izahat və ifadə almadan naməlum məntiqlə məhz onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə absurd nəticəyə gəlmişdir. Salonda çalışan işçi X5 tibbi maskadan (fərdi qoruyucu vasitədən) düzgün istifadə etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. O, barəsində də inzibati xəta haqqında protokolun tərtib olunmasına qəti etirazını bildirdi və həmin protokolda hər hansı inzibati qaydanı pozmadığı barədə qeyd etmək istədi, lakin polis əməkdaşları buna imkan vermədilər və müvafiq qeydi özləri etmişlər. Şikayətlərinə baxmayaraq, polis əməkdaşları onu hədələmişdlər ki, protokolu imzalamasa və həmin günü qısa bir vaxtda 3.000 (üç min) manat cəriməni tam məbləğdə ödəməzsə, onu polis bölməsinə aparacaqlar və cərimə ödənilənə qədər orada cinayətkarlarla birlikdə saxlayacaqlar. Azərbaycan qadını olaraq polis bölməsində qalmaq hədə ilə üzləşməsi ona psixoloji cəhətdən güclü sarsıntının keçirilməsinə səbəb olmuş və o, bu psixoloji təzyiq nəticəsində inzibati xəta haqqında protokolu imzaladı və həyat yoldaşı 01 dekabr 2020-ci il tarixdə həmin cərimə məbləğini terminal vasitəsi ilə elektron qaydada ödəmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən sərbəst şəkildə buraxılmışdı. Həmin gün DİN-nin «102» nömrəli qaynar xəttinə də zəng vurub 37-ci Polis Bölməsinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətini bildirmişdi, lakin heç bir müsbət nəticə olmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin müddəalarına görə inzibati məsuliyyət məhz epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunduğu kimi, sadalanan rejimlərin pozulması halları aşkar olunmamış və bu maddi hüquq norması yanlış olaraq tətbiq edilmişdir. Tibbi maskalarından (fərdi qoruyucu vasitələrdən) istifadə etməməsinə görə isə inzibati məsuliyyət həmin Məcəllənin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Gözəllik salonunda çalışan ustalar tibbi maskalarından (fərdi qoruyucu vasitələrdən) istifadə ilə bağlı müəyyən olunmuş tələblərinin pozulmasının qarşısı da onun tərəfindən alınması qeyri-mümkün idi, çünki həmin anda o, tamam başqa ərazidə idi. Gözəllik salonunda hətta bu hal müəyyən olunmuş olsaydı belə, İXM-nin 211.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün yüz manat məbləğində, vəzifəli şəxslər üçün isə iki yüz manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 müdafiəçisi X7 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 37-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 37-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində 01.12.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın mahiyyəti, faktı təsdiq edən sübutlar protokolda qeyd edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamışdır. Heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materialında olan Xətai RPİ 37-ci Polis Şöbəsinin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti və əməlin nədən ibarət olması qərarda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində protokolda göstərilməli olan bəndlərin dəqiq izahı verilmişdir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən xətanın mahiyyəti göstərilməlidir. İXM-nin 100.1.7-ci maddəyə əsasən barəsində icraat aparılan fiziki şəxsin izahatları alınmalıdır və bu protokolda öz əksini tapmalıdır. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərardan şikayət vermək hüququ və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 02 iyun 2020-ci il tarixli 124-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və aşağıdakı məzmunda 211.2-ci maddə əlavə edilmişdir: “211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 iyun 2020-ci il tarixli 142-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 211.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilmişdir: “fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.” Gözəllik salonunda işçinin fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının vəzifəli şəxs tərəfindən qarşısının alınmaması İXM-nin 211.1-ci maddəsinin deyil, 211.2-ci maddəsinin tərkibini yaradır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta protokolda və qərarda istinad edilməmiş, protokol və qərarda xətanın mahiyyəti göstərilmədən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3419/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3419/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver