Məhkəmə qərarları › İş №3(011)-3423/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3423/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3423/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X3 iştirakı ilə X3 Xətai RPİ 35-ci Polis Bölməsinin 21 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 35-ci Polis Bölməsinin 21 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, həmin qərar qəbul edilərkən Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi X4 tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi X2 EPQ № ******* saylı, 21.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Bildirmişdir ki, barəsində inzibati cərimə tətbiq olunarkən ona heç bir məlumat verilməmişdir. EPQ № ******* saylı, 21.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın istinad edildiyi EXP № ******* saylı 21.08.2021-ci il tarixli inzibati protokolun tərtib edilməsi zamanı pozuntulara yol verilmişdir. Onu qeyd etmək lazımdır ki, inzibati protokolun hansı faktlar əsasında tərtib edilməsi göstərilmir. Yalnız onun inzibati xətanı törətməyi qeyd edilib. Bu isə inzibati xəta haqqında qərar üçün kifayət etmir. Yuxarıda qeyd edilən protokol və qərarda onun tərəfindən inzibati xətanın törədilməsinə dair heç bir sübut göstərilmir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 35-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 35-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin sahə rəisi Sadiq Rufullazadə tərəfindən tərtib edilmiş 21 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin sahə rəisi Sadiq Rufullazadə tərəfindən tərtib edilmiş 21 avqust 2021-ci il tarixli EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 21.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 35-ci Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 21.08.2021-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşı tərəfindən yoxlanılarkən, əsassız cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın və protokolun surəti ona göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Protokolun surəti xətanı törədən fiziki şəxsə verilir. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, protokolun surəti verilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. Xətanın mahiyyəti və əməlin nədən ibarət olması qərarda göstərilməmişdir. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Xətai RPİ 35-ci Polis Bölməsinin 21 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Xətai RPİ 35-ci Polis Bölməsinin 21 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar