Məhkəmə qərarları › İş №3(011)-3427/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3427/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3427/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakları ilə, Hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs «X7 Evi- Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17 avqust 2022-ci il tarixdə saat 15:10-da Bakı şəhəri Xətai rayonu Mehdi Mehdizadə 1208 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasını etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsassızdır. Belə ki, onlara rəsmi qaydada xəbərdarlıq edilməmiş, müraciətləri əsasında Azərbaycan Respublikası Dövlət Resklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədinə əsasən təmsil etdiyi MMC-yə fasad reklamları yerləşdirilməsinə icazə verilmiş, buna müvafiq olaraq yayım haqqının ümumi və aylıq məbləği müəyyən edilmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə müəssisə hüquq və vəzifələr əldə etməklə üzərinə öhdəliklər götürmüş, müqavilə üzrə ödənişlər tam ödənilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda müxtəlif reklam yerləşdirilmişdir; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin Y**********001 nömrəli hesab-fakturadan görünür ki, faktura cəmi 308.85 manat, ƏDV 55,59 manat, ödəniləcək məbləğ 364,44 manat təşkil edir. Bakı şəhəri Reklam İdarəsinin dövlət rüsumunun ödənilməsi üçün bildirişindən görünür ki, «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödəniləcək rüsum 35.50 manat müəyyən edilmişdir. eManat ödəniş qəbzindən görünür ki, MMC tərəfindən Bakı şəhəri Reklam İdarəsinin hesabına 2979 manat pul ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi, bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmiş, «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Reklam İdarəsinin hesabına yayım haqqı və rüsum məbləği tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata «X7 Evi-Uşaq Bağçası» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar