Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3428/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən 29 avqust 2022-ci il tarixdə saat 13:56 radələrində Şəxs MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X6 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 avqust 2022-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən 29 avqust 2022-ci il tarixdə saat 13:56 radələrində Şəxs MMC-ə məxsus ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Ona görə də barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərmişdir ki, X5 Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X7 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokolla Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin tələbinə görə müvafiq icazə olmadan işçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta hadisəsi hesab edilməklə, bu əməli törətmiş şəxs sözügedən maddənin sanksiyasında təsbit olunan inzibati xəta üzrə məsuliyyətə cəlb edilir. Nəzərə çatdırılması zəruridir ki, idarənin əməkdaşı Şəxs MMC barəsində qeyd olunan maddənin tələbinə istinadən protokol tərtib edərkən Şəxs MMC tərəfindən sözügedən maddədə ehtiva olunmuş inzibati xəta hadisəsinin törədilməsi faktının həmin protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edildiyinə əsaslanmışdır. Reklamın sifarişi, istehsalı (hazırlanması) və yayılması sahəsində münasibətləri, onlara nəzarətin və tənzimləməni, həmçinin reklam sahəsində özünü tənzimləmənin hüquqi əsaslarını müəyyən edən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsində reklama verilən anlayışdan görünür ki, reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Reklama dair ümumi tələbləri ehtiva edən, yuxarıda sözügedən Qanunun 4.1-ci maddəsinin tələbinə görə reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Yuxarıda istinad olunan hüquq normalarının tələblərindən görünür ki, reklam əmtəə barədə məlumatları əks etdirməlidir. Əmtəə barədə istehlakçının diqqətini əmtəəyə cəlb edən, eləcə də onda rəy formalaşdırmaqla əmtəəyə tələbatı yaradan, əmtəəni bazarda tanıtmağa, eləcə də onun satışını stimullaşdırma məqsədi ilə məlumatların yayılması reklam hesab olunur. Hazırkı işin materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, heç bir əmtəə Şəxs MMC tərəfindən reklam edilməmiş və hər hansı əmtəə barəsində reklam hesab edilə biləcək məlumatlar yayılmamışdır. İşin faktiki halları, eləcə də yuxarıda istinad edilən hüquq normalarının tələblərindən müəyyən edilir ki, MMC tərəfindən nəinki Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində təsbit edilən inzibati xəta hadisəsi törədilməmiş, hətta inzibati xəta hadisəsi belə mövcud deyildir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-ə məxsus obyektin qapısı vinirlə üzlənmiş və yazının ümumi ölçüsü 1 kvadratmetrdən artıq deyildir.. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsin əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməmiş və ünvan 1 ünvanında yerləşən obyektin qapısının üzərindəki yazının ümumi ölçüsü 1 kvadratmetrdən artıq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından vəzifəli şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3428/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3428/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver