Məhkəmə qərarları › İş №3(011)-3434/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3434/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3434/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı Şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhər X3 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 26 iyul 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 109.1.6-cı maddəsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edirəm ki, Bakı şəhər X3 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis leytenantı X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 26 iyul 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokolda Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:28-də Ələddin Quliyev küçəsi, 1131 saylı məhəllədə “X4” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, habelə protokola əlavə edilmiş “DVD-R” formatlı diskdə olan videogörüntüdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə olunması görünsə də, sözügedən inzibati xətanın məhz Şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı bir mötəbər sübut, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin Şəxs inzibati xəta haqqında protokolun surətinin təqdim olunmasını təsdiqləyən sənəd iş materiallarına əlavə olunmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, qeyd olunan hal təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhər Baş Polis İdarəsi X3 İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunmuş 26 iyul 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsi X3 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar