Məhkəmə qərarları › İş №3(011)-3442/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3442/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3442/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2(113)-4598/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən 01 avqust 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-2(011)-4598/2023 saylı icra sənədindən görünür ki, ərizə təmin edilmiş, "X3” Məhdud Məsuliyyətli Cəmiyyəti və Şəxs arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış 18 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş:

1. Bu barışıq sazişi (bundan sonra "saziş" adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda "tərəf və birlikdə “tərəflər" adlandırılacaqdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yerinə yetirilməsinin üsul və müddətləri:

1. Tərəflər razılaşırlar ki, İl tərəfin İ tərəfə icarə müqaviləsindən irəli gələn öhdəliyi tam icra etməmə nəticəsində 17.000 (on yeddi min) manat məbləğində borcu yaranıb.

2. İİ tərəf həmin borcu hər ay 1000 manat olmaqla, 17 ay ərzində ödəməyi öz öhdəsinə götürür. İlk ödəniş 5 mart 2023-cü il tarixdə ödənilməklə, ödənişlər hər növbəti ayın 5-dək həyata keçiriləcək.

3. İİ tərəf ödənişi ardıcıl 2 ay ərzində gecikdirərsə, İ tərəfə qalıq borcu və qalıq borcun 5%-i məbləğində cərimə ödəyəcək. İ tərəf bu halda qalıq borcun və ona hesablanmış cərimənin dərhal ödənilməsi şərtini nəzərdə tutan sazişin təsdiqi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət edəcək.

4. İlkin mediasiya (200 manat) və tam mediasiya xərcini (100 manat) İİ tərəf ödəyir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 18 oktyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 18 oktyabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, borcludan 1190 manat məbləğində icra ödənişi alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar