Məhkəmə qərarları › İş №3(011)-3444/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3444/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3444/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin inzibati tənbeh vermə haqqında 06.05.2020ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin DYPŞin inzibati tənbeh vermə haqqında 06.05.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərdi ki, onun xəbəri olmadan 06.05.2020-ci il tarixdə Xətai rayon X10 Şöbəsinin polis serjantı X4 tərəfindən İXP ******* nömrəli protokol tərtib olunmuş və həmin tarixdə Polis polkovniki X3 tərəfindən TP ******* nömrəli qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan qərarla 08.09.2021-ci il tarixdə Xətai rayon icra şöbəsinin icra məmuru tərəfindən ona edilmiş zəng əsnasında xəbəri olmuş və icra məmuruna yaxınlaşaraq qərarın surətini götürmüşdür. Qeyd etmək istəyir ki, o, qanunlara dönmədən əməl edən bir insandır və pandemiya dövründə də qəbul edilmiş qaydalara tam riayət edərək heç bir qanun pozuntusuna yol verməmişdir. Bunu da əlavə edir ki, evlidir, 2 uşağı var və işsizdir. Yəni hər hansı yerə getmək və ya hər hansı çöl işi görmək məcburiyyətində olmadığı üçün pandemiya dövründə də evdən çölə çıxmamışdır. Bütün işləri yoldaşı görmüşdür. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola və qərara nəzər yetirdikdə görünür ki, bu protokolu və qərarı qəbul edən şəxslər qanunvericiliyi yaxşı bilmirlər. Belə ki, protokoldan görünür ki, 06.05.2020-ci il tarixdə qəbul edilmiş və 06.05.2020-ci il tarixdə də qərar qəbul edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən hakim və ya orqan (vəzifəli şəxs) inzibati xəta haqqında protokola 15 gün müddətində baxır. Bu necə olur ki, eyni gündə onun xəbəri olmadan, imzası olmadan və ya hər hansı bir mötəbər sübut olmadan bir polis nəfəri protokol tərtib edir və həmin polisin digər vəzifəli şəxsi bunlara fikir vermədən eyni tarixdə qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Mövcud protokoldan görünür ki, bu protokol uydurmadır və onun imzası belə yoxdur. Mövcud inzibati protokolda qeyd olunub ki, guya, o, 06.05.2020-ci il tarixdə saat 11:00-da Məhəmməd Hadi küçəsində olmuşdur. Sual yaranır ki, Məhəmməd Hadi küçəsinin harasında ? Bilindiyi kimi Məhəmməd Hadi küçəsi Həzi Aslanov metrosundan Əhmədli metrosuna qədər olan məsəfəni əhatə edir. Halbuki, həmin ərazinin heç onun yaşadığı ünvana belə aidiyyəti yoxdur. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində qeyd olunur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati xətanın olub-olmaması sübut edilməlidir. O, həmin vaxt və karantin dövründə ümumiyyətlə çölə çıxmadığı üçün hesab edir ki, protokolu tərtib edən şəxs heç bir sübut təqdim edə bilməz. Çünki bu protokol uydurmadır. İnzibati xəta haqqında qərar İXM-nin 117.2-ci maddəsinə əsasən qəbul edildikdən 2 gün ərzində ona verilməli idi, halbuki ona nə şifahi xəbər edilib, nə də ki, ünvanına göndərilib. Bu qərardan yalnız icra məmuru ona zəng vurduqdan sonra xəbəri olmuşdur. Odur ki, qeyd edilənlərə əsaslanaraq, məhkəmədən Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-in inzibati tənbeh vermə haqqında 06.05.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-in 06.05.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 06 may 2020-ci il tarixdə M.Hadi küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilərək barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-in inzibati tənbeh vermə haqqında 06.05.2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X1 06 may 2020-ci il tarixdə M.Hadi küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilərək İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211-ci maddəsinə əsasən (06 may 2020-ci il tarixdə qüvvədə olan) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində 06.05.2020-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai DYPŞ onun 100 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 06.05.2020-ci il tarixli, TP ******* saylı qərar qəbul olunmuşdur. Şikayətçi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmiş, bu səbəbdən də barəsində tərtib edilmiş qərarı əsasız və qanunsuz hesab etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 06.05.2020-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, 06.05.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİnin DYPŞ-nin inzibati tənbeh vermə haqqında 06.05.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar