Məhkəmə qərarları › İş №3(011)-3460/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3460/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3460/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, X1nun nümayəndəsi və vəkili X2 iştirakı ilə, X3 Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini ləğvi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Xətai rayonu ərazisində “xxxxxxxxxxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə - “Topaz” məntəqəsinə gələrək barəsində İXM-nin 211-ci maddəsi ilə MN0735903 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında da MN0565701 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişlər. Bununla da o, 10000 (on min) manat cərimə olunmuşdur. Polis əməkdaşları inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmasını bildirmişlər. İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar ona yalnız xx.xx.2020-ci il tarixdə rəsmi olaraq verilmişdir. Qərarın bu qədər gec verilməsi isə bir daha ona qarşı edilən qərəzli münasibəti göstərmişdir. Polis əməkdaşları ona inzibati tənbeh tətbiq etmə haqqında qərarı fiziki şəxs olaraq onun adına yazmış, halbuki, İXM-nin 211.1-ci maddəsinə görə fiziki şəxsə yazılan cərimənin maksimum həddi 10000 azn deyil, 400 azn-dir. Hüquqi şəxsə yazılmalı olan cərimə miqdarını, fiziki şəxs olaraq onu adına yazılmışdır.Hüquqi şəxsə cərimə yazılmalı olsa belə, İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən polis əməkdaşlarının bunu etmək səlahiyyəti olmamışdır. Nazirlər Kabinetinin 323, 194, 208 178, 73-1, 237 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Nazilər Kabinetinin qeyd edilən qərarlarının heç birində fəaliyyətini qadağan edən bir müddəa olmamışdır. Ona inzibati tənbeh xx xxxxxxxx 2020-ci il tarixdə tətbiq edilmişdir. Həmin 323 saylı qərarla isə Nazirlər Kabinetinin fəaliyyətinin qadağan edildiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa olmamışdır. Buna baxmayaraq o, həmin tarixə qədər yalnız onlayn qaydada fəaliyyət göstərmiş, heç bir müştəri qəbul etməmiş, fəaliyyəti də qadağan edilməmiş və o, ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişdir. Polis əməkdaşları onun ünvana baxış keçirərkən belə o, müştəri qəbul etməmiş, bununla bağlı polis əməkdaşlarında heç bir sübutu belə olmamışdır. “xxxxxxxxxxxx” QSC tərəfindən Nazirlər Kabinetinə xx.xx.2020-ci il tarixdə məktubla müraciət edilmiş, həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə, İqtisadiyyat Nazirliyinə fəaliyyətinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə müraciət etdiyi tarixdə bütün Respublika üzrə Topaz agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlər Kabineti bu məktubla fəaliyyətlərinin qadağan edilmədiyini təsdiqləyib və digər orqanlara bu barədə razılaşdırılmış məktub ünvanlamışdır. X1 şikayətinin hüquqi əsası kimi İXM-nin 18.6, 103.1, 53.0.1-ci maddələrinə istinad etmişdir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunması barədə qərar çıxarılmasının xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqan tərəfindən X3 xx.xx.2020-ci il tarixdə Xətai rayonu Şıxlinski küçəsi 39A ünvanında xüsusi karantın rejimi dövründə “Topaz” mərc oyunları məntəqəsini işlətməsi əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Xətai rayonu Şıxlinski küçəsi 39A ünvanında xüsusi karantın rejimi dövründə “Topaz” mərc oyunları məntəqəsini işlətdiyi üçün İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə x xxxxxxxx 2020-ci il tarixli, 323 nömrəli qərarına əsasən, 1. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Həmin qərarının 4-cü hissəsində göstərilmişdir ki, 4.1. təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir; 4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilir; 4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə Xətai rayonu Şıxlinski küçəsi 39A ünvanında xüsusi karantın rejimi dövründə “Topaz” mərc oyunları məntəqəsini işlətməsi əsası ilə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. X6 hər hansı inzibati xətanı törətmədiyini, Nazirlər Kabinetinin 323 saylı qərarı ilə fəaliyyətinin qadağan edildiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəanın olmamasını, ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərdiyini, polis əməkdaşları onun ünvanıa baxış keçirərkən belə müştəri qəbul etməməsini, bununla bağlı polis əməkdaşlarında heç bir sübutunun olmamasını göstərmişdir. Digər tərəfdən, inzibati orqan həm protokolda, həm də inzibati tənbeh vermə haqqında qərarda hər hansı hüquqi şəxsi deyil, X4 məsuliyyətə cəlb etmiş, halbu ki, İXM-nin 211.1-ci maddəsinə görə fiziki şəxsə tətbiq edilən cərimənin yuxarı həddi 10000 manat deyil, 400 manat müəyyən edilmişdir. Həmçinin, inzibati orqanın hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti olmamışdır. Belə ki, İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 35-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda inzibati tənbeh vermə haqqında qərar inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar