Məhkəmə qərarları › İş №3(011)-3468/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3468/2023

17.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3468/2023 17.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Binə qəsəbəsi, Atçılıq savxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində 16 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 16 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Q.Nəbi küçəsi 5 ünvanında yerləşən “Araz” marketdən 200 manat dəyərində 02 ədəd “Beta” çayı, 02 ədəd “Möcüzə” yağı və müxtəlif əşyalar oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi durumu yaxşı olmadığından xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdən 02 ədəd “Beta” çayı, 02 ədəd “Möcüzə” yağı, başqa ərzaq məhsulları və məişət əşyaları oğurlamışdır. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə mağaza inzibatçısı işlədiyi ünvan 2 ünvanında yerləşən “Araz” mağazasından müxtəlif ərzaq məhsullarının və məişət əşyalarının oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində mağazaya ümumilikdə 200 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda onlara dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Q.Nəbi küçəsi 5 ünvanında yerləşən “Araz” marketdən dəyəri 200 manat olan ərzaq məhsullarını oğurlamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 16 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur və əməli törətmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin 34-cü PŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 16 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Q.Nəbi küçəsi 5 ünvanında yerləşən “Araz” marketdən dəyəri 200 manat olan məişət əşyaları və ərzaq məhsullarını oğurladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 17 sentyabr 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayəti, tələbi yoxdur, ona dəymiş ziyanı tam olaraq ödəmişdir və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 17 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, inzibati xətanı törətmiş şəxslə barışmış, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar